Bank Of Baku

Konsul Günay Əfəndiyeva: “Türkiyədə bəzi qüvvələr öz maraqları çərçivəsində Türkiyə-Ermənistan münasibətlərinin yaxşılaşmasına çalışır” - FOTO

Konsul Günay Əfəndiyeva: “Türkiyədə bəzi qüvvələr öz maraqları çərçivəsində Türkiyə-Ermənistan münasibətlərinin yaxşılaşmasına çalışır” - <font color=red>FOTO</font>
# 09 sentyabr 2008 10:40 (UTC +04:00)
Bakı. Zaur Nurməmmədov - APA. Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun konsulu Günay Əfəndiyevanın APA-ya müsahibəsi

- Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun konsulu kimi mədəni əlaqələrin inkişafı məsələlərinə nəzarət edirsiniz. Azərbaycan mədəniyyəti Türkiyədə necə qəbul olunur?

- Türkiyə şanlı tarixə malikdir. Hətta hərdən adama elə gəlir ki, türkiyəlilər özlərini digər millətlərin nümayəndələrindən bir az yüksək tuturlar. Amma Azərbaycan tarixi, mədəniyyəti, musiqisi və ədəbiyyatı ilə yaxından tanışlıq onlarda azərbaycanlılara qarşı heyranlıq və ehtiram hissləri oyadır. Onlar bizim mədəni irsimiz qarşısında baş əyirlər, xüsusilə son illərdə əldə etdiyimiz nailiyyətlərə çox hörmətlə yanaşırlar. Bizim Türkiyə ictimaiyyətinin nümayəndələri ilə çoxsaylı görüşlərimizdə onlar Azərbaycanda mövcud olan zəngin mədəniyyətlə yanaşı, bu mədəniyyətin əsasını qoyan insanlara verilən qiyməti də xüsusilə qeyd edirlər. Prezident İlham Əliyevin mədəniyyət və elm xadimlərinə göstərdiyi maddi-mənəvi dəstəyə onlar xüsusi diqqət yetirirlər.

- Azərbaycan ziyalılarının İstanbulda, ümumiyyətlə Türkiyədəki fəaliyyəti hansı səviyyədədir?

- Həm İstanbulda, həm də bütövlükdə Türkiyənin ayrı-ayrı şəhərlərində Azərbaycanın çox sayda elm və incəsənət adamı yaşayır və fəaliyyət göstərir. Bu sıyahıya alimlər, rəssamlar, müəllimlər, həkimlər, musiqiçilər, incəsənət adamları və digərləri daxildir. Onlar burada yüksək səviyyədə təmsil olunurlar. Bir tərəfdən burada çalışan azərbaycanlılar öz fəaliyyətləri ilə Türkiyə mədəniyyətinin, təhsilinin, iqtisadiyyatının inkişafına əvəzsiz töhfə verirlərsə, digər tərəfdən burada onların sayəsində ölkəmiz haqqında real məlumatlar əldə olunur.

- Azərbaycanın İstanbuldakı Baş Konsulluğu hansı mədəniyyət layihələrini həyata keçirib?

- Biz Türkiyə vətəndaşlarının, eyni zamanda bu ölkəyə gələn turistlərin və burada akkreditə olunmuş xarici ölkə diplomatlarının Azərbaycanı daha yaxşı tanımaları, mədəniyyətimiz, ənənələrimiz, ölkədə baş verən demokratik proseslərlə daha yaxından tanış olmaları üçün çoxsaylı tədbirlər keçiririk. Azərbaycanın İstanbuldakı Baş Konsulluğu ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş bir sıra layihələr həyata keçirib. Sərgilər, konsertlər, seminarlarla yanaşı, Türkiyənin müxtəlif ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr arasında “Heydər Əliyev Kuboku” futbol turniri keçirilib. Həmçinin “Heydər Əliyev və Azərbaycan dövlətçiliyi” elmi konfransı çərçivəsində ən yaxşı iş üçün müsabiqə elan etmişik. Bütün elmi əsərlər Konsulluq tərəfindən ayrıca kitab şəklində nəşr olunub. Novruz bayramı ilə bağlı mütəmadi tədbirlər təşkil olunur. Ötən il Azərbaycanın İstanbuldakı baş konsulu Səyyad Aran Novruz bayramının İstanbulun böyük meydanlarından olan Sultan Əhməd meydanında keçirilməsini israr etdi. Bayramın təşkili üçün Türkiyənin bir məktəbində azərbaycanlıların yaratdığı folklor rəqs ansamblını dəvət etdik, həmyerlimiz - rejissor Hilal Mahmudoğlu bayramın baş qəhrəmanları olan Keçəllə Kosanın tamaşasını səhnələşdirdi. Çalışdıq ki, dəvət olunan qonaqlar və turistlərdə Novruz bayramının Azərbaycanda necə qeyd olunması ilə bağlı təsəvvür yaradaq. Bu il isə İstanbul valiliyi artıq özü bizə Novruz bayramını birgə keçirməyi təklif etdi. Bundan başqa, dahi bəstəkar Qara Qarayevin 90 illiyi münasibətilə İstanbulda, Bursada və Əskişəhərdə istedadlı dirijor Yalçın Adıgözəlovun rəhbərliyi ilə bir sıra simfonik konsertlər təşkil olundu. Eyni zamanda Bursada elmi konfrans və konsertlərin də daxil olduğu Q. Qarayev musiqisi günləri keçirildi. Bu ilin martında Azərbaycan opera və balet teatrının İstanbuldakı qastrolları zamanı Fikrət Əmirovun “Min bir gecə” əsəri nümayiş etdirildi. Təşkil etdiyimiz ən yaddaqalan tədbirlərdən biri isə Azərbaycan rəssamlarının bu yaxınlarda məşhur “Ayasofya” muzeyində keçirilən sərgisi oldu. Bu, Türkiyənin mədəni həyatında çox böyük hadisə idi. Burada tədbir təşkil etmək elə da asan iş deyil. Hər gün yüzlərlə turist sərgiyə gələrək bizim milli rəssamlıq nümunələri ilə tanış olurdular. Bundan mədəni kütləvi tədbirləri əhatə edən silsilə tədbirlə də təşkil edirik. Hər il Türkiyədə uşaqların bayramı geniş qeyd edilir, bu münasibətlə beynəlxalq səviyyəli müxtəlif uşaq festivalları keçirilir. Artıq üçüncü ildir ki, İstanbul valiliyi tərəfindən əlil uşaqlar üçün “Uşaqların gülüş bayramı” təşkil olunur. Mehriban xanım Əliyeva başda olmaqla Heydər Əliyev Fondunun dəstəyilə hər il bizim uşaqlar da festivalda iştirak edirlər.

- Türkiyədəki Azərbaycan diasporunun fəaliyyətini necə qiymətləndirirsiniz?

- Türkiyədə yaşayan Azərbaycan ziyalılarının gördüyü işlərdən ölkəmizdə heç də hamı xəbərdar deyil. Bizim gözəl balaban ifaçımız Əlixan Səmədov bu yaxınlarda balaban haqqında bir neçə dildə dərs vəsaiti nəşr etdirib. Həmin kitabda bu musiqi alətinin tarixi, quruluşu ilə bağlı məlumat verilir, ifaçılıq sirləri açıqlanır. Bu kitabın işıq üzü görməsi həm də bizim milli musiqi aləti olan balabanı düdük kimi təqdim edən erməni plagiatlara bir cavabdır.Yaxud milli kino və teatr səhnəmizdə bir sıra maraqlı obrazlar yaradan gözəl aktyorumuz, eyni zamanda rejissor Cahangir Novruzov Adana şəhərinin universitetlərindən birində müəllim kimi çalışır. Bu yaxınlarda İstanbulda tələbə teatr festivalı keçirilirdi. Həmin festivalda Maksim Qorkinin onun quruluş verdiyi “Meşşanlar” pyesi böyük uğurla təqdim olundu. Bizim gənc istedadlı aktrisamız Məlahət Abbasova Türkiyədə çox tanınıb. Həm də rejissorluq fəaliyyəti ilə məşğul olan M. Abbasova xalq yazıçısı Elçinin “Qatil-ulduzlar altında cinayət” pyesi əsasında səhnələşdirilmiş eyni adlı tamaşanın quruluşçu rejissorudur.
Bundan başqa, bizim bir çox musiqiçilər burada həm də pedaqoji fəaliyyətilə məşğuldurlar. Gözəl pianoçu İslam Manafov “Gənc” adlı kamera orkestri təşkil edib. Orkestrdə çalışan musiqiçilərin yarısı azərbaycanlıdır. Dünya klassiklərinin əsərləri ilə yanaşı onlar həm də Azərbaycan bəstəkarlarının əsərlərini ifa edirlər. Ziyalılarımız haqqında çox danışmaq olar. İstərdik ki, onların buradakı fəaliyyəti barədə vətənimizdə də bilsinlər.

- Erməni diasporu Türkiyədə nə dərəcədə güclüdür?

- Türkiyədə bəzi qüvvələr var ki, öz maraqları çərçivəsində Türkiyə-Ermənistan münasibətlərinin yaxşılaşmasına çalışır. İlk növbədə erməni diasporu bunu həyata keçirməl istəyir. Nə qədər ziddiyyətli olsa da, onların fəaliyyəti Türkiyədə kifayət qədər geniş yayılıb. Zaman-zaman Ermənistanla sərhədlərin açılması məsələsi qaldırılsa da, Türkiyənin mövqeyi dəyişməz qalır. Türkiyənin erməni kökünə söykənən KİV nümayəndələri bu ölkədə aktiv fəaliyyət göstərirlər. Buna bariz nümunə olaraq “Aqos” erməni qəzetinin 2007-ci ilin yanvarın 19-da İstanbulda öldürülmüş baş redaktoru Qrant Dinkin dəfnini göstərmək olar. Onu son mənzilə yola salmaq üçün “Biz hamımız erməniyik” plakatları ilə yüzlərlə insan toplaşmışdı. Siz İrəvanda belə bir vəziyyəti təsəvvür edirsinizmi? İnsanlar küçələrə çıxır və deyirlər ki, “Biz hamımız türkük”. Ümumi götürdükdə, Türkiyə ictimaiyyətinə Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti barədə geniş məlumatlar verilir. Bu illər ərzində biz 20 Yanvar, Xocalı faciəsi və azərbaycanləların soyqırımı gününə həsr olunmuş konfranslar, mitinqlər və sərgilər təşkil etmişik. Artıq ikinci ildir ki, Azərbaycanın İstanbuldakı Baş konsulluğu baş konsul Səyyad Aranın rəhbərliyi ilə “Xocalı həftəsi” keçirir. Türkiyənin digər şəhərlərdə də tədbirlər təşkil edirik. Həmin tədbirlərdə Türkiyədə yaşayan azərbaycanlılarla yanaşı, Türkiyə ictimaiyyətinin nümayəndələri də fəal iştirak edir, erməni vəhşiliklərini pisləyirlər. Biz bu il digər tədbirlərlə yanaşı, Türkiyədə yaşayan Azərbaycan rəssamlarının “Yaralı Qarabağ” adlı sərgisini təşkil etdik. Türkiyə Nazirlər Kabinetinin Dövlət Arxivlər İdarəsinin təşkilati dəstəyilə 2007-ci il mayın 18-də “Bugünkü Qarabağ şəkillərdə” adlı konfrans keçirildi. Tədbirdə “Zaman” qəzetinin Dağlıq Qarabağ, Bakı və İrəvanda olmuş müxbirinin çəkdiyi fotoşəkillər nümayiş etdirildi. Heydər Əliyev Fondunun təqdim etdiyi Xocalı faciəsinə həsr olunmuş film də nümayiş olundu. Qeyd edim ki, Fond mövzu ilə bağlı müxtəlif materiallar göndərərək bu işdə bizə çox kömək edir.

- Türkiyədəki diplomatik missiyanız başa çatır. Fəaliyyətinizi necə qiymətləndirirsiniz?

- Azərbaycanın İstanbuldakı Baş Konsulluğu Təhsil Strukturları Fondunun “Bürc” Kolleci ilə sıx əməkdaşlıq edir. “Bürc”ün təhsil müəssisələrindən birində biz Azərbaycan guşəsi açmışıq. Burada ölkəmiz haqqında kitablar, fotomateriallar, milli geyimlər və musiqi alətləri nümayiş olunur. Həmçinin bu struktur müntəzəm olaraq idman yarışları və mədəniyyət festivalları keçirir. Görülən tədbirlərin nəticəsi olaraq “Bürc” Kolleci dövlətlərarası əlaqələrin möhkəmlənməsi sahəsində məni fəxri fərmana layiq gördü. Təqdimetmə mərasimində təşkilatçılar qeyd etdilər ki, təsis olunduğu beş il ərzində bu mükafat ilk dəfə olaraq başqa ölkənin təmsilçisinə təqdim olunur. Mən bunu fəaliyyətimə verilən böyük qiymət hesab edirəm. Çox xoşbəxtəm ki, Azərbaycanın çox qədim və zəngin mədəniyyətinin qardaş Türkiyədə təbliğinə öz payımı verə bilmişəm.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR