Diplomatik Akademiya “Diplomatik təlim proqramı” kurslarını yekunlaşdırıb

Diplomatik Akademiya “Diplomatik təlim proqramı” kurslarını yekunlaşdırıb
# 09 mart 2007 14:43 (UTC +04:00)
Azərbaycan Diplomatik Akademiyası (ADA) ABŞ-ın Corctaun Universiteti ilə birgə Xarici İşlər Nazirliyinin 30 əməkdaşı üçün “Diplomatik təlim proqramı” kurslarını yekunlaşdırıb. APA-nın məlumatına görə, bu gün bununla bağlı keçirilən seminarda Corctaun Universitetinin professorları Uilyam Hil, Ceyms Sivers və Riçard Şmiyarer gənc diplomatların bilik səviyyəsini yoxlayıblar. ADA-nın rektoru Hafiz Paşayev jurnalistlərə verdiyi açıqlamada bildirib ki, təlimin keçirildiyi beş gün ərzində iştirakçılara səfirliyin və konsulluq idarələrinin fəaliyyəti, rəsmi qonaqların qəbulu, hesabat və təhlillərin hazırlanması, mətbuat və ictimai əlaqələr, mədəniyyət və təhsil məsələləri, çoxtərəfli diplomatiya və ikitərəfli əlaqələrin qurulması ilə bağlı məlumatlar verilib. H. Paşayevin sözlərinə görə, belə kurslar ayda bir dəfə keçiriləcək və tədricən treninqlərə digər hökumət qurumlarının əməkdaşları da cəlb ediləcək. O, yaxın aylarda Milli Təhlükəsizlik və Müdafiə nazirliklərinin əməkdaşları üçün diplomatik kursların təşkil ediləcəyini də qeyd edib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR