Bank Of Baku

Zurab Qumberidze: “Gürcüstan - Azərbaycan sərhəd xəttinin 35 faizə yaxın hissəsi hələ razılaşdırılmayıb”

Zurab Qumberidze: “Gürcüstan - Azərbaycan sərhəd xəttinin 35 faizə yaxın hissəsi hələ razılaşdırılmayıb”
# 12 mart 2007 11:11 (UTC +04:00)
Gürcüstanın Azərbaycandakı səfiri ölkəsinin David Qareci kompleksi ilə bağlı Azərbaycana ərazi mübadiləsi təklif etdiyini təsdiqləyib

Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zurab Qumberidzenin APA-ya eksklüziv müsahibəsi

- Azərbaycandakı diplomatik missiyanız başa çatdıqdan sonra nə ilə məşğul olacaqsınız? Siz Bakıda fəaliyyətə başlayarkən ikitərəfli münasibətlər hansı səviyyədə idi və qarşılıqlı əlaqələrin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?
- Martın 15-də fəaliyyət müddətim başa çatır. Bundan sonra məzuniyyətə yollanacağam və eyni zamanda yeni işimə hazırlaşmağa başlayacağam. Yeni işim Gürcüstan-Azərbaycan enerji sektoru ilə bağlı olacaq. Səfirliyimizin məşğul olduğu ən vacib sahələrdən biri üzrə fəaliyyətimi davam etdirmək mənim arzum idi. Enerji layihələrinin reallaşması ilə Azərbaycan Gürcüstanın təbii qazla təminatında önəmli ölkəyə çevrilir. Bu məsələlərin tənzimlənməsi, mövcud layihələrin həyata keçirilməsi, Azərbaycan biznesinin Gürcüstanda, Gürcüstan biznesinin isə Azərbaycanda inkişafına nail olunması mənim vəzifələrimdən biri olacaq. Bakıda 10 ilə yaxını səfir qismində çalışdım. Səfirliyin açıldığı ilk gündən bəri Gürcüstan-Azərbaycan münasibətləri çox yaxşı səviyyədə olub və mehriban qonşuluq şəraitində davam edib. Təbii ki, bu dövr ərzində ölkələrimiz arasında münasibətlərin inkişafı üçün çox iş görülüb. Hazırda xarici siyasətdə oxşar, bir-birinə yaxın prioritetlərə malik Azərbaycan və Gürcüstan bu sahədə çox fəal işləyirlər. Eyni zamanda, əhəmiyyətli iqtisadi layihələrin həyata keçirilməsi istiqamətində birgə fəaliyyət davam edir. Əldə olunan uğurları görmək üçün təkcə həmin layihələrin adlarını sadalamaq kifayətdir. TRACECA kimi vacib proqramdan başlayaraq, biz qısa vaxtda Bakı-Supsa, Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum kimi enerji layihələrini gerçəkləşdirə bildik, bu yaxınlarda isə Bakı-Tiflis-Qars dəmir yolu layihəsi ilə bağlı müqavilə imzalandı. Mən münasibətlərimizi dinamik şəkildə inkişaf edən və siyasi-strateji cəhətdən vacib münasibətlər kimi xarakterizə edərdim.
- Bu layihələrdən hansı Gürcüstan üçün daha önəmlidir və yeni transmilli layihələr həyata keçiriləcəkmi?
- Enerji sektorunda biz artıq 3 layihə həyata keçirmişik. Gürcüstan üçün “Şahdəniz” layihəsinin tam şəkildə həyata keçirilməsi prioritet təşkil edir. Biz şimal qonşumuzla bu sahədə əməkdaşlığı da istisna etmirik, çünki diversifikasiya məqbul qiymət axtarışında Gürcüstana üstünlüklər gətirir. Təbii ki, “Şahdəniz” və Bakı-Tiflis-Ceyhan layihələrinin tam gücü ilə işləməsi və Gürcüstanın tranzit ölkə kimi dividentlər götürməsi bizim üçün vacibdir. Bakı-Supsa neft kəməri də uğurlu layihələrdən biridir. Qərb istiqaməti bizim üçün əhəmiyyətlidir və böyük miqdarda neft olarsa, bu istiqamətdə neft ixracını artırmaq mümkündür. Qara dənizdə bu nefti məmnuniyyətlə alacaq tərəfdaşlarımız, dostlarımız var. Yaxın vaxtlarda enerji sektorunda 3 ölkəni birləşdirəcək 500 kilovoltluq elektrik xəttinin reallaşdırılması yönündə də fəal iş aparılacaq. Bu layihə Türkiyə ilə paralel işləyərək praktik olaraq Avropa enerji sisteminə qoşulmaqla həm Azərbaycanın, həm də Gürcüstanın enerji sektorunun stabil fəaliyyətini artıracaq. Hazırda alternativ enerji ehtiyatları, alternativ marşrutların perspektivi aktual müzakirə mövzusudur və bu mənada Avropadakı tərəfdaşlarımız bizim tranzit dəhlizimizin və mövcud layihələrimizin perspektivini qiymətləndirirlər. Bu, Türkiyə vasitəsilə Avropaya neft-qaz nəqlinin artırılması, yeni layihələrin reallaşdırılması və yeni ölkələrin yeni imkanlarla bu prosesə qoşulmasında özünü göstərə bilər. Mən hesab edirəm ki, bu məqam yaxınlaşmaqdadır.
- Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi hansı səviyyədədir, birgə müəssisələr fəaliyyət göstərirmi?
- 2006-cı ildə ticarət dövriyyəsinin həcmi 410 milyon dollar təşkil edib və bu həcm getdikcə artmaqdadır. Gürcüstan və Azərbaycanın fiziki və hüquqi şəxsləri tərəfindən qeydiyyatdan keçirilmiş birgə strukturlar mövcuddur. Bu, hələ başlanğıcdır, ona görə ki, 2006-cı il bu istiqamətdə ciddi start ili oldu və Azərbaycandan Gürcüstana kapital qoyuluşları başladı. Azərbaycan Gürcüstanın Kulevidəki ən böyük neft terminalını aldı. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin iştirak etdiyi yeni struktur “SOCAR-Georgia” qeydiyyatdan keçdi. Gürcüstanda Azərbaycan Milli Bankının nümayəndəliyi açıldı. Bu, çox ciddi addımdır. Azərbaycan maliyyə potensialı baxımından möhkəm dövlətə çevrilməkdədir və digər regionlara sərmayə qoyuluşunda, onların infrastrukturunun inkişafında iştirak edə bilər, necə ki, Gürcüstanla bu cür münasibətləri var.
- Hər iki ölkə ərazisində münaqişə ocaqları mövcuddur. Sizcə, bu münaqişələrin oxşar və fərqli cəhətləri nələrdir?
- Hər münaqişənin, hətta Abxaziya və Cənubi Osetiya münaqişələrinin də özü-özlüyündə fərqli cəhətləri var. Eyni zamanda bənzərliklər də çoxdur. Bu, ərazi bütövlüyünün pozulması, qaçqınlar, sosial problemlər və digər məsələlərdən ibarətdir. Həm Gürcüstan, həm də Azərbaycan bu problemlərin sülh yolu ilə həllinə, ərazi bütövlüyünün bərpasına və qaçqınların geri qayıtmasına çalışır.
- Bu günlərdə Gürcüstan və Ukrayna prezidentləri Ukrayna sülhməramlılarının Gürcüstandakı münaqişə zonalarında yerləşdirilməsini müzakirə etdilər. GUAM sülhməramlılarının yaradılması hansı mərhələdədir və onlar mövcud sülhməramlıları əvəz edə bilərmi?
- Hazırda Gürcüstan ərazisində sülhməramlı qüvvələr var, onlar Abxaziyada MDB mandatı altında fəaliyyət göstərir. Ancaq Gürcüstan rəhbərliyi və xalqı bu qüvvələrə etimad göstərmir. Biz sülhməramlı qüvvələrin münaqişə tərəflərindən birini dəstəklədiyini görürük. Münaqişə zonalarında daha öncə yüz faiz gürcü əhalidən ibarət yaşayış məntəqələri vardı, onların bir hissəsi geri qayıdıb, lakin müdafiəsizdirlər. Hərbi əməliyyatlar başa çatdıqdan sonra bu ərazilərdə 2 mindən çox adam öldürülüb. Sülhməramlı qüvvələr buna yol verməməliydi, ancaq biz birtərəfli yanaşma müşahidə etməkdəyik. Abxaziya və Cənubi Osetiya əhalisinin böyük hissəsinə Rusiya pasportları verilib. Bu, hüquqa ziddir və o pasportların sahibləri münaqişələrin həllindən sonra hansı ölkədə yaşayacaqlarını özləri seçəcəklər. Ancaq bu proses həm də ona görə narahatlıq doğurur ki, “Rusiya vətəndaşlarının müdafiəsi” adı altında müəyyən bəyanatlar səslənir. Məlumdur ki, Rusiya ilə Gürcüstan arasında bəzi problemlər var. Qonşularımız qarşısında qaldırdığımız əsas məsələ onları bu problemin həllində fəal iştiraka çağırmaqdan ibarətdir. Obyektiv nöqteyi-nəzərdən yanaşsaq, görərik ki, Rusiya özünün bütün ərazisinə nəzarət edə bilən Gürcüstanın mövcudluğunda maraqlı olmalıdır. Biz hesab edirik ki, Rusiya Gürcüstandakı münaqişələrin həllində çox ciddi rol oynaya bilər, yetər ki, bunda maraqlı olsun. Sülhməramlıların əvəzlənməsi ideyası çoxdan mövcuddur. İndiki sülhməramlılar yüz faiz Rusiya hərbi idarəsinin münaqişə zonalarında fəaliyyəti deməkdir. Məsələnin hüquqi yolla həll ediləcəyi təqdirdə Ukrayna bu qüvvələri əvəz etməyə hazırdır. Prezidentlər bu barədə danışıblar, Gürcüstan birtərəfli qaydada qərar qəbul etmir. Hazırda söhbət ondan gedir ki, hansısa başqa ölkə və ya qurum bu rolu öz üzərinə götürməyə hazırdır, ya yox. GUAM-a gəldikdə isə, biz bu təşkilatın katibliyinin formalaşması və aktiv fəaliyyətə başlamasını gözləyirik. Məhz katiblik vasitəsilə nəzərdə tutulan planları reallaşdırmaq olar. Katiblik Kiyevdə fəaliyyət göstərəcək və GUAM-ın siyasi, iqtisadi, humanitar layihələrinin həyata keçirilməsini koordinasiya edəcək. Sülhməramlıların münaqişəli ərazidə yerləşdirilməsi haqda razılıq olarsa, Azərbaycan və Moldova da buna qoşula bilər.
- Bu günlərdə Bakıda Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası və demarkasiyası üzrə komissiyanın iclası keçirildi. Hazırda razılaşdırılmamış nə qədər sərhəd sahəsi var və Gürcüstanın David Qareci monastır kompleksinin yerləşdiyi sahədə ərazi mübadiləsi təklif etdiyi doğrudurmu?
- Sərhəd xəttinin 35 faizə yaxın hissəsi hələ razılaşdırılmayıb. Elə nöqtələr var ki, tərəflər fərqli yanaşmalara malikdir, elə sahələr də var ki, sadəcə olaraq optimal həllini gözləyir. David Qareci kompleksinə gəldikdə isə, bəli, Gürcüstanın belə arzusu var. Monastır bir neçə kompleksdən ibarətdir və iki hissəsi sərhəddə yerləşir. Bu kompleksin təkcə tarixi abidə kimi deyil, dini anlamda da Gürcüstan üçün böyük mənəvi dəyəri var, bu monastır möminlər üçün çox önəmlidir. Bu problem həll olunmalıdır və mən əminəm ki, Azərbaycan tərəfi Gürcüstanla birlikdə problemin həllini tapacaq.
- Azərbaycandakı gürcü milli azlığının hansı problemləri var?
- Qax rayonunda gürcülərin yaşadığı 5 kənd var. Onlar Kurmux Müqəddəs Georgi kilsəsində daimi ibadət etmələrinə icazə verilməsi xahişi ilə müraciət etmişdilər. Düşünürəm ki, bu xahiş nəzərə alınıb. Bir çox məsələnin qanunauyğun həllini tapırıq. Məsələn, bizdə istənilən yaşdakı vətəndaş pasport ala bilir, Azərbaycanda isə yalnız yetkinlik yaşına çatanlara pasport verilir. Belə çıxır ki, bizim soydaşlarımız Gürcüstana oxumağa gedə bilməzlər. Ancaq biz Daxili İşlər Nazirliyi və digər dövlət strukturları vasitəsilə bu məsələlərin həlli yolunu tapırıq.
- Bəs Gürcüstanda yaşayan azərbaycanlıların torpaq və təhsil problemləri necə həll olunur?
- Hazırda Gürcüstanda bizdə bütün məktəbləri-gürcü, rus, Azərbaycan dilli məktəbləri əhatə edən geniş təhsil islahatları aparılır. Bu baxımdan, milliyyətcə azərbaycanlı olan Gürcüstan vətəndaşlarının cəmiyyət həyatında fəal iştirak etməsi üçün onların üçün gürcü dilinin öyrənilməsinə cəlb olunması vacibdir. Bizdə ali məktəblərdəki tələbə yerləri ixtisar olunur, çünki bazarın tələbatının məzunların sayına uyğun olmadığı açıq-aşkar görünür. Ona görə də adətən azərbaycanlıların daxil olduğu rus sektorları da ixtisar edilir və bu da problemə səbəb olur. Ümumi imtahanlar var ki, onları gürcü dilində vermək lazımdır. Bu cür problemlər var və Təhsil Nazirliyi onların həlli ilə məşğuldur. İki ölkənin təhsil nazirlikləri arasında uğurlu əməkdaşlıq mövcuddur. Azərbaycan məktəbləri üçün Gürcüstana çoxlu sayda kitab aparılıb, Gürcüstandan isə Azərbaycandakı gürcü məktəblərinə kitablar göndərilib. Torpaq məsələsində vəziyyət isə kifayət qədər yaxşılaşıb. Ola bilər ki, bu sahədə problemlərin hələ də həll olunmadığı regionlar qalıb, çünki torpaq çatışmır. Digər regionlara nisbətən Kvemo Kartlidə kənd təsərrüfatı məhsulları yetişdirmək üçün yaxşı şərait var. Ona görə də bu regionda vəziyyət digərləri ilə müqayisədə yaxşıdır. Əlbəttə, hər yerdə olduğu kimi, texniki xarakterli problemlər orda da var və tədricən həll olunur. Mən bu məsələnin həm hökumət, həm də parlamentlərarası səviyyədə maksimal şəkildə konkret öyrənilməsinin tərəfdarıyam.
- Axısxa türklərinin öz vətənlərinə qaytarılması prosesi nə vaxt başlayacaq?
- Gürcüstan Mesxetidən olanlar və beynəlxalq hüquqşünaslar qrupunun iştirakı ilə bu prosesi tənzimləyəcək qanun və dövlət proqramı hazırlayır. Qanun layihəsi üzərində iş bu il başa çata bilər. Biz Mesxeti türklərinin arzularını və problemlərinin başa düşürük. Azərbaycanda, əsasən, ötən əsrin 60-80-ci illəri arasında köçürülmüş, az qismi isə 90-cı illərdə gəlmiş 100 minə yaxın Mesxeti türkü yaşayır. Hazırda onların çoxu Azərbaycan vətəndaşıdır. Biz onları qəbul etdiyinə və iş imkanları yaratdığına görə Azərbaycana minnətdarıq. Mesxeti türklərinin Azərbaycanda problemləri olmasa da, biz onların arzusunu anlayışla qarşılayırıq.
- Rusiya hərbi bazalarının Gürcüstandan çıxarılması prosesi yekunlaşıbmı?
- Xeyr, proses 2008-ci ilə qədər başa çatacaq. Rusiya hərbçilərinin bir hissəsi Axalkələkdədir və bu ilin sonuna qədər Gürcüstanı tərk edəcəklər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR