Bank Of Baku

İsrail səfiri Artur Lenk Tovuzun Ermənistanla həmsərhəd kəndlərində olub

İsrail səfiri Artur Lenk Tovuzun Ermənistanla həmsərhəd kəndlərində olub
# 24 mart 2007 08:58 (UTC +04:00)
İsrailin Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Artur Lenk Tovuz rayonuna səfər edib. APA-nın Qərb bürosunun məlumatına görə, səfər millət vəkili Qənirə Paşayevanın dəvəti ilə gerçəkləşib. Tovuz rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalovla görüşən səfir rayon iqtisadiyyatının mövcud durumu ilə bağlı ətraflı məlumat alıb. Tofiq Zeynalov rayon əhalisinin əsasən kənd təsərrüfatı ilə məşğul olduğunu, Tovuzda üzümçülük, kartofçuluq və maldarlıq sahəsinin inkişaf etdiyini, bu sahələrdə İsrail təcrübəsindən yararlanmaq niyyətində olduqlarını deyib. Artur Lenk noyabrda İsraildə maldarlıqla bağlı konfrans keçiriləcəyini bildirib və Tovuz rayonundan bu tədbirə nümayəndə heyəti dəvət olunacağını vurğulayıb. Səfir İsraildə müxtəlif sahələr üzrə “Maşab” təkmilləşdirmə proqramları həyata keçirildiyini, israilli mütəxəssislərin iştirakı ilə Tovuz rayonunda da analoji kurslar təşkil etmək mümkün olduğunu deyib. Görüşdən sonra səfir Şəhidlər Xiyabanına və rayon mədəniyyət evinə baş çəkib, rayonda şərab istehsalı ilə məşğul olan “Tovuz Baltiya” şirkətində olub. Daha sonra Artur Lenk Tovuz rayonunun Ermənistanla həmsərhəd kəndləri Əlibəyli və Hacıallıda yerli sakinlərlə görüşüb. Səfir Azərbaycan və İsrailin sərhədyanı bölgələrdə yerləşən kəndlərinin oxşar xüsusiyyətləri olduğunu vurğulayıb: “İsrailin də sərhədyanı şəhərləri var. Orada da mülki şəxslər, əsgərlər yaşayır və onlar da buna oxşar çətinliklərin şahidləri olublar. Mənə elə gəlir ki, İsraillə Azərbaycanın oxşar cəhətlərindən biri hər iki ölkənin öz qonşuları ilə sülh şəraitində yaşamaq istəyidir”. Qeyd edək ki, əsasən əkinçilik və maldarlıqla məşğul olan Əlibəyli və Hacıallı kəndləri Ermənistanın Berd rayonun 4 yaşayış məntəqəsi ilə həmsərhəddir. Tovuzun Ermənistanla mövcud sərhəd zolağının16 kilometri bu iki kəndin payına düşür. Burada ümumilikdə 5 min 500 nəfər əhali yaşayır və müharibədən öncəyə kimi kəndlərdə yaşayış evlərinin sayı minə yaxın olub. Lakin müharibə zamanı bu evlərin təxminən 40 faizi dağıdılıb. Əlibəyli və Hacıallını erməni kəndləri ilə ayıran məsafə çox kiçik olduğundan hər iki tərəfdən qarşı tərəfi görmək çox asandır ki, bu da yaşayış məntəqələrini maneəsiz hədəfə çevirir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR