Bank Of Baku

Azərbaycanın Qarsda baş konsulu Həsən Zeynalov: “Türkiyənin Akdamar kilsəsini təmir etdirməsi jest olsa da, ermənilər bunu başqa cür dəyərləndirdi”

Azərbaycanın Qarsda baş konsulu Həsən Zeynalov: “Türkiyənin Akdamar kilsəsini təmir etdirməsi jest olsa da, ermənilər bunu başqa cür dəyərləndirdi”
# 29 mart 2007 13:13 (UTC +04:00)
Ermənistan mədəniyyət nazirinin müavini Qururyanın başçılıq etdiyi nümayəndə heyəti Vanda Akdamar erməni kilsəsinin açılış mərasimində iştirak etmək üçün iki gün əvvəl Türkiyəyə gəliblər. Nümayəndə heyətinin açılış mərasiminə təyyarə reysi ilə gələcəyi gözlənilsə də, onlar Ərdəhan keçid məntəqəsindən keçərək jandarm və polisin müşayiəti ilə Qarsa gəliblər. Azərbaycanın Qarsdakı baş konsulu Həsən Zeynalovun APA-ya verdiyi məlumata görə, ermənilər qaldıqları oteldə mətbuat nümayəndələrinin suallarına cavab verməkdən imtina ediblər. “Amma onlar bəyan ediblər ki, Türkiyəyə gəlməkdə məqsədləri təkcə Akdamar kilsəsinin açılış mərasimində iştirak etmək yox, bu bölgədə gələcəkdə digər layihələri həyata keçirməkdir. Ermənilər deyib ki, Qars bizim üçün çox müqəddəs yerdir, burada olan kilsələr, Qars qalası, rus dövründən qalan evlər hamısı bizim üçün doğma və müqəddəsdir. Onlar nümayəndə heyətinin tərkibinə arxeoloq, tarixçi alimlər, memarlar, türkoloq və qeyri-hökumət təşkilatlarının təmsilçilərindən ibarət komissiya üzvlərinin daxil edildiyini bildirib və həmin şəxslərin Qarsda tarixi binaları təhqiq edəcəyini deyiblər”. Baş konsulun sözlərinə görə ermənilər Qarsda onları maraqlandıraq tarixi binalar ilə tanış olub, həmin binaların qarşısında şəkillər çəkdiriblər. “Nümayəndə heyətinin tərkibində Gürcüstan parlamentinin üzvü, erməni əsilli Van Bayburt da var. Köhnə bir ev tapdılar və “bura onun anasının evidir” dedilər, orada da şəkil çəkdilər”. Həsən Zeynalovun sözlərinə görə, Akdamar kilsəsinin Türkiyə tərəfindən təmir olunması Ankaranın ermənilərə qarşı bir jest olub, amma Ermənistanın xarici işlər naziri Vardan Oskanyan bu jesti başqa cür qiymətləndirib: “Türkiyə bunu etməyə borclu idi. Bu addımın ən böyük siyasi əhəmiyyəti ondan ibarətdir ki, Türkiyə o torpaqların bizim müqəddəs erməni torpaqlarımız olduğunu təsdiqlədi”. Baş konsulun fikrincə, Qarsda olan erməni nümayəndə heyəti tarixi binalarda təhqiqat aparmaqla Qarsın və Cənub-Şərqi Anadolunun Ermənistan torpaqları olduğunu sübuta yetirmək istəyirlər. Diplomatın sözlərinə görə, bu gün kilsənin açılış mərasimindən sonra erməni nümayəndə heyəti Qarsa qayıdacaq və təhqiqatları davam etdirəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR