Bank Of Baku

İsrail səfirliyi 15 xarici ölkənin Azərbaycandakı diplomatik nümayəndəliyinin rəhbərlərinin Qubaya səfərini təşkil edib

İsrail səfirliyi 15 xarici ölkənin Azərbaycandakı diplomatik nümayəndəliyinin rəhbərlərinin Qubaya səfərini təşkil edib
# 14 may 2007 09:30 (UTC +04:00)
APA-nın müxbirinin də qatıldığı səfərdə Ukrayna, Belarus, Moldova, Polşa, Rumıniya, Bolqarıstan, Latviya, Hindistan, İtaliya, İsveçrə, Almaniyanın Azərbaycandakı səfirləri, BMT-nin rezident əlaqələndiricisi və ATƏT-in Bakı Ofisinin rəhbərinin müavini iştirak ediblər. Diplomatlar qəsəbədəki İsaak Xanukov adına 1 saylı orta məktəblə tanış olublar. Qonaqlara bildirilib ki, məktəbdə həm Azərbaycan, həm də rus dillərində tədris aparılır, məktəbdə yəhudi, tat, ləzgi, xınalıq dilləri otaqları var, məktəblilər burada ana dillərini öyrənirlər. Diplomatlar qəsəbədəki 2 sinaqoqa da baş çəkiblər. Qırmızı Qəsəbənin dağ yəhudiləri dini icmasının rəhbəri Boris Simanduyev bildirib ki, yəhudilər Azərbaycanda 2 500 ildir ki, yaşayırlar, Qırmızı Qəsəbənin tarixi isə 280 ildir. Burada müxtəlif vaxtlarda müxtəlif sayda yəhudi yaşayıb. Hazırda qəsəbədə 4 min nəfərin yaşadığını deyən B. Simanduyev dağ yəhudilərinin Azərbaycanın tamhüquqlu vətəndaşları olduqlarını, Konstitusiyada təsbit olunmuş bütün hüquqlardan istifadə etdiklərini söyləyib: “Bizim burada heç bir problemimiz yoxdur, bizi yalnız Azərbaycanın ümumi problemləri, ən əsası isə ölkəmizin ərazi bütövlüyünün pozulması, Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi narahat edir”. Azərbaycanda heç vaxt antisemitizm olmadığını deyən B. Simanduyev bəyan edib ki, burada yəhudilərin dini və milli adətlərinin qorunub, saxlanması üçün hər cür şərait var: “Sovet dövrində buradakı 13 sinaqoqun əksəriyyəti bağlanıb, digər məqsədlər üçün istifadə olunurdu, Azərbaycan müstəqillik qazandıqdan sonra isə dini məbədlərimiz özümüzə qaytarıldı”. O, Qubada 20 millətin nümayəndəsinin birlikdə mehriban yaşadığını də qonaqların diqqətinə çatdırıb. İsrail səfiri Artur Lenk səfərin məqsədinin Azərbaycandakı mövcud tolerantlığı nümayiş etdirmək, birgə yaşam barədə məlumatları Azərbaycandan kənara çıxarmaq, bütün dünyanı ölkəmizdəki dözümlülükdən xəbərdar etmək olduğunu deyib: “Bu baxımdan, 15 ölkənin nümayəndəsini özümlə buraya gətirdim ki, mövcud tolerantlıqdan xəbər tutsunlar. Bu tolerantlıq tək Azərbaycan deyil, onun dostları üçün də önəmlidir. İstədim ki, onlar müxtəlif xalqların birgə necə yaşadığını öz gözləri ilə görsünlər”. Qubada tapılmış kütləvi məzarlıqla bağlı diplomat deyib ki, Azərbaycanın öz tarixini, keçmişini öyrənməsi çox yaxşı haldır: “Hesab edirəm ki, tədqiqat başa çatandan sonra əcnəbilər həmin əraziyə baş çəkəcəklər”.
Öz növbəsində, ATƏT-in Bakıdakı Ofisinin rəhbərinin müavini Robin Sivord Qırmızı Qəsəbəni dünya səviyyəsində unikal yer adlandırıb, bir kənd məktəbində bir neçə dilin tədrisini çox gözəl hal kimi qiymətləndirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR