Polşa səfiri Kşiştof Krayevski Samux rayonuna səfər edib

Polşa səfiri Kşiştof Krayevski Samux rayonuna səfər edib
# 17 may 2007 08:12 (UTC +04:00)
Polşanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Kşiştof Krayevski Samux rayonuna səfər edib. APA-nın Qərb bürosunun məlumatına görə, cənab Krayevski səfər çərçivəsində Sarıqamış kənd məktəbində yenicə təmir olunan iki sinif otağının açılışında iştirak edib. Sarıqamış kənd orta məktəbinin otaqları Polşa səfirliyinin ayırdığı 16 min ABŞ dolları məbləğində vəsait hesabına “Gənc Liderlər” Təhsil,Təlim və İnkişaf İctimai Birliyi tərəfindən təmir edilib. Məktəbə həmçinin 10 ədəd kompüter dəsti də hədiyyə olunub. Tədbirdən sonra jurnalistlərin suallarını cavablandıran səfir Kşiştof Krayevski regiona səfərindən məmnun olduğunu bildirib və səfərinin tanışlıq məqsədi daşıdığını qeyd edib. Səfir əlavə edib ki, məktəbdəki bütün tədris otaqlarının təmiri ilə bağlı layihələr hazırlanarsa, səfirlik bunun üçün əlavə vəsaitlər ayırmağa hazırdır: “Hal-hazırda ölkələrimiz arasında münasibətlər yüksək səviyyədədir. Samux rayonuna səfərim buna bariz nümunədir. Bu regionda kənd təsərrüfatı imkanları genişdir, gözəl iqliminiz və əvəz olunmaz üzüm sortları xüsusilə diqqətimi cəlb etdi. Bu sahənin inkişafında Polşanın da təcrübəsindən yararlanmaq olar.” Səfir Kşiştof Krayevski gələcəkdə ölkələrimizin dostluq münasibətləri çərçivəsində Samux rayonunun Polşanın hər hansı bir şəhəri ilə qardaşlaşması yönündə də addımlar atılacağını bildirib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR