Bank Of Baku

Norveçin Azərbaycandakı səfiri: “Norveçlilər iki dəfə referendum keçirib, Avropa İttifaqına “yox” deyiblər”

Norveçin Azərbaycandakı səfiri: “Norveçlilər iki dəfə referendum keçirib, Avropa İttifaqına “yox” deyiblər”
# 20 iyul 2007 10:02 (UTC +04:00)
- Artıq bir müddətdir, Azərbaycanda işləyirsiniz. Azərbaycan Sizə necə təsir bağışlayır - Avropa, yoxsa Asiya ölkəsi kimi ?
- 6 aydan çoxdur ki, Azərbaycanda çalışıram, amma bundan əvvəl iki dəfə ölkənizə səfər etmişdim. Hələ həmin səfərlərim zamanı məndə belə qənaət yaranmışdı ki, Azərbaycan Avropa ilə Asiyanın arasındadır.
- Azərbaycan-Norveç münasibətləri hansı səviyyədədir, bir səfir kimi bu münasibətlərin genişləndirilməsi üçün hansı layihələri həyata keçirməyi planlaşdırırsınız?
- Azərbaycanla Norveç arasında yaxşı əlaqələr var. Onu da deməliyəm ki, elə səfirliyin fəaliyyətinin əsas istiqamətləri mövcud əlaqələri daha da genişləndirmək, daha da inkişaf etdirməkdir. İki ölkə arasında əməkdaşlığa dair bir çox layihələr var. Bunlar həm enerji sektoru, həm humanitar, həm də ətraf mühitin mühafizəsi sahələrini əhatə edir. Elə layihələr var ki, artıq həyata keçirilir, bəzilərinin isə əlaqələrin inkişaf etdirilməsi baxımından reallaşdırılması planlaşdırılır.
- Planlaşdırılan layihələ hansılardır?
- Hazırda görülməli iş siyasi səviyyədə danışıqların aparılmasıdır ki, gələcək illər üçün əməkdaşlığın sahələrini araşdıraq. Həm Azərbaycan, həm də Norveçin çoxlu sayda ümumi maraqları var. Hər iki ölkə Avropanın əsas enerji təchizatçılarındandır - Norveç şimaldan, Azərbaycan isə cənubi-şərqdən Avropaya enerji ötürür. Norveçin “Statoil” şirkəti Azərbaycanda uzun illərdir ki, fəaliyyət göstərir. Bu isə o deməkdir ki, Norveç hökumətinin Azərbaycanla əlaqələri genişləndirməklə bağlı öhdəliyi var.
- Gələn il Azərbaycanda prezident seçkiləri keçiriləcək. Bununla bağlı Norveç Azərbaycana hansısa texniki yardım göstərməyi nəzərdə tuturmu?
- Birbaşa yardım barədə nəsə demək hələ tezdir. Hazırda Azərbaycan Norveçin də üzvü olduğu Avropa Şurası Venesiya Komissiyası ilə seçki qanunvericiliyinin təkmilləşdirilməsinə dair müzakirələr aparır. Bu isə öz növbəsində, seçkilərin düzgün keçirilməsinə hərtərəfli köməkdir.
- Norveç Azərbaycanda bir neçə abidənin bərpa olunmasında iştirak edib, gələcəkdə də belə planlar varmı?
- Hələ ki, heç bir yeni layihə yoxdur. Bir qədər əvvəl Şəkiyə getmişdim, Kişdə bərpa olunmuş abidəni ziyarət etdim, həqiqətən də bu abidə alban kilsə mədəniyyət irsinin çox gözəl nümunəsidir. Mədəniyyət və digər sahələrdə geniş əlaqələrimiz var. Bu yaxınlarda mədəniyyət naziri Əbülfəs Qarayev Norveçin Stavanger şəhərində 6 ay müddətində davam etmiş Azərbaycan sərgisi ilə tanış olub. Norveç ekspertləri isə Azərbaycan ekspertləri ilə birlikdə Qobustan qayaüstü rəsmiləri və digər sahələrdə əməkdaşlıq edirlər. Çox sevinirəm ki, bu yaxınlarda Qobustan abidəsi dünya mədəni irsi siyahısına daxil olub.
- Norveç Avropada yerləşən, lakin Avropa İttifaqına üzv olmayan azsaylı ölkələrdəndir. Ölkənizin bu quruma qoşulmaq planları varmı?
- Norveç demokratik ölkədir, norveçlilər iki dəfə referendum keçirib, Avropa İttifaqına “yox” deyiblər. Nə qədər ki insanlar buna “hə” deməyib, Norveç Avropa İttifaqının üzvü ola bilməz. Bununla belə, biz Avropa İttifaqının üzvü olan ölkələrlə iqtisadi cəhətdən əməkdaşlıq edirik, Avropa strukturlarına çox yaxşı inteqrasiya olmuşuq. Biz, həmçinin, Avropa İttifaqına üzv olmaq istəyən ölkələrə də Avropa standartlarına cavab vermək üçün lazımi köməkliklər göstəririk. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR