Bank Of Baku

Türkiyənin Azərbaycandakı səfiri Goranboy rayonunda olub

Türkiyənin Azərbaycandakı səfiri Goranboy rayonunda olub
# 16 avqust 2007 14:18 (UTC +04:00)
Türkiyənin Azərbaycandakı səfiri Hüseyn Avni Karslıoğlu bu gün Goranboy rayonunda səfərdə olub. APA-nın Qarabağ bürosunun xəbərinə görə, səfir Goranboyun görkəmli yerləri ilə tanış olub, Heydər Əliyev Muzeyini, “Dədə Qorqud” abidəsini və vətən uğrunda şəhid olan soydaşlarımızın xatirəsinə ucaldılmış abidəni ziyarət edib. Daha sonra H. A. Karslıoğlu rayonun cəbhə xəttində yerləşən yaşayış məntəqələrindən birində yerli sakinlərlə görüşüb. Tap Qaraqoyunlu kəndində Şəhidlər Xiyabanına və tez-tez güllə yağışına məruz qalan kənd orta məktəbinin binasına baş çəkən diplomat yerli əhalinin qəhrəmanlığına həsəd apardığını bildirib. O, şəhid ailələrinin üzvləri ilə də söhbətləşib. Türkiyəli qonağı müşayiət edən millət vəkili Gültəkin Hacıyeva Tap Qaraqoyunlu kənd qəbiristanlığında 1918-20-ci illərdə Azərbaycanın erməni daşnaklarından təmizlənməsində iştirak etmiş türk əsgərinin məzarının olduğunu səfirin diqqətinə çatdırıb: “Ancaq həmin ərazi indi işğalçı Ermənistan Ordusunun nəzarəti altında olan əraziyə yaxın olduğundan, qəbiristanlığı ziyarət etmək çox təhlükəlidir”. H. A. Karslıoğlu sakinlərlə söhbətində Qarabağ məsələsində Türkiyənin mövqeyini bir daha səsləndirib: “Türkiyə bu münaqişənin ədalətli həllində həmişə Azərbaycanın yanındadır. Ermənilər də insandır, onların da ölməsini istəmirəm. Amma onlar işğal etdikləri torpaqları sülh yolu ilə azad etməsə, savaş qaçılmazdır”.
Səfir jurnalistlərlə söhbətində bildirib ki, rayona səfərinin əsas məqsədi burada cəbhə xəttinin yaxınlığında yaşayan insanların yaşam tərzi ilə tanış olmaq və türkiyəli iş adamlarının rayonda yeni layihələr həyata keçirə bilmək imkanlarını araşdırmaqdan ibarətdir. O, ötən gecə Azərbaycanın işğal olunmuş ərazilərində ermənilərin törətdiyi yanğınların bu gün də davam etdiyini müşahidə edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR