Bank Of Baku

Azərbaycan Prezidentinin fəxri diplomu akademik Alevtina Brovkinaya təqdim edilib - FOTO

Azərbaycan Prezidentinin fəxri diplomu akademik Alevtina Brovkinaya təqdim edilib - FOTO
# 08 sentyabr 2020 17:01 (UTC +04:00)

Rusiyanın tanınmış oftalmoloqu, akademik Alevtina Brovkinaya Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu təqdim edilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Azərbaycanın Rusiyadakı Səfirliyində keçirilən mərasimdə səfir Polad Bülbüloğlu oğlu mükafatı Alevtina Brovkinaya təqdim edib.

Səfir Azərbaycan Prezidentinin Rusiya Elmlər Akademiyasının akademiki Alevtina Brovkinaya ünvanladığı təbrik məktubunu oxuyub.

A. Brovkina mükafata görə Azərbaycan prezidentinə təşəkkürünü bildirib: “Mənim üçün bu mükafatı almaq çox xoşdur və əlamətdar hadisədir. Azərbaycan mənim üçün doğma ölkədir. Məni Azərbaycanla görkəmli oftalmoloq Zərifə Əliyeva və  görkəmli dövlət və siyasi xadim Heydər Əliyevlə xatirələrim bağlayır. Bu gün çox şadam ki, Azərbaycan Prezidenti İlham Əliyevin diqqətindəyəm. Mən ona sonsuz təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, dünya şöhrətli alim və istedadlı həkim Alevtina Brovkina göz xəstəliklərinin müalicəsi üçün bir sıra qabaqcıl metodikalar yaradıb, onkooftalmologiyanın inkişafına sanballı töhfə verib. Oftalmologiya sahəsində Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsində A. Brovkinanın  mühüm rolu var. Məhz onun iştirakı ilə  Azərbaycanda onkooftalmologiya xidməti yaradılıb, bu xidmət bu gün də respublika əhalisinə yüksək ixtisaslı yardım göstərir.

Bu ilin iyunun 30-da Azərbaycan Prezidenti Ilham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında elmi əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə Alevtina Fyodorovna Brovkina “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR