Azərbaycanın enerji siyasəti qlobal təhlükəsizliyin mühüm dayaqlarından birinə çevrilib.
Bunu APA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov bildirib.

Deputat deyib ki, son illər dünyada baş verən geosiyasi proseslər, xüsusilə Rusiya-Ukrayna müharibəsi qlobal enerji bazarında yeni reallıqlar formalaşdırıb: “Enerji təhlükəsizliyi artıq təkcə iqtisadi məsələ deyil, dövlətlərin milli təhlükəsizliyinin ayrılmaz hissəsinə çevrilib. Belə bir şəraitdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji strategiyası Azərbaycanın beynəlxalq mövqelərini əhəmiyyətli dərəcədə gücləndirib. Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda çıxışında vurğuladı ki, Azərbaycan bu gün yalnız karbohidrogen ehtiyatlarına malik ölkə deyil, həm də beynəlxalq enerji təhlükəsizliyinin təmin olunmasına real töhfə verən məsuliyyətli dövlətdir. Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan indiyədək üzərinə götürdüyü bütün öhdəlikləri tam yerinə yetirib və bu gün dünya miqyasında etibarlı, proqnozlaşdırılan tərəfdaş kimi qəbul olunur. Məhz bu etimad ölkəmizin enerji diplomatiyasının əsas kapitalına çevrilib”.

Azərbaycan Avropanın enerji xəritəsində strateji mövqeyi
Azər Badamov qeyd eidb ki, Rusiya-Ukrayna müharibəsindən sonra Avropa dövlətləri enerji təhlükəsizliyi konsepsiyasına yenidən baxmağa məcbur oldular: “Bir mənbədən yüksək asılılığın yaratdığı risklər fonunda alternativ tədarükçülərə ehtiyac kəskin artdı. Bu şəraitdə Azərbaycan etibarlı tərəfdaş kimi ön plana çıxdı. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, cəmi bir neçə il əvvəl Azərbaycan təbii qazı səkkiz Avropa ölkəsinə çatdırırdısa, hazırda bu rəqəm 12-yə, o cümlədən 10 Avropa İttifaqına üzvü ölkəyə, ümumilikdə qaz ixrac edilən ölkələrin sayı isə 16-ya yüksəlib. Bu dinamika Azərbaycanın enerji bazarında rolunun davamlı şəkildə artdığını göstərir. Bu gün Azərbaycan qazı Cənub Qaz Dəhlizi vasitəsilə Avropanın enerji təhlükəsizliyinin mühüm elementinə çevrilib. Xüsusilə TANAP və TAP layihələri təkcə iqtisadi deyil, həm də geosiyasi əhəmiyyət daşıyan layihələrdir. Bu infrastruktur Avropa üçün alternativ və təhlükəsiz enerji marşrutu formalaşdırıb. Prezident İlham Əliyev Şuşa Forumunda xüsusi olaraq vurğuladı ki, boru kəmərləri vasitəsilə qaz ixrac edilən ölkələrin sayına görə Azərbaycan dünyada birinci yerdədir. Bu göstərici təsadüfi deyil. Son iyirmi ildən artıq dövrdə həyata keçirilən məqsədyönlü enerji strategiyası, milyardlarla dollarlıq investisiyalar, beynəlxalq tərəfdaşlıq və siyasi iradə nəticəsində Azərbaycan qlobal enerji logistikasının əsas mərkəzlərindən birinə çevrilib. Bu gün ölkəmizin enerji infrastrukturu Xəzər hövzəsini Avropa bazarları ilə birləşdirən ən etibarlı sistemlərdən hesab olunur”.

Azərbaycanın hasilatı artırmaq üçün kifayət qədər resursları mövcuddur
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini deyib ki, bəzi dairələrdə Avropaya əlavə qaz həcmlərinin təmin olunması ilə bağlı suallar səslənir: “Lakin Prezident İlham Əliyev açıq şəkildə bəyan etdi ki, Azərbaycanın həm mövcud yataqları, həm də işlənilməsi davam edən yeni layihələri hasilatın əhəmiyyətli dərəcədə artırılmasına imkan verir. "Abşeron", "Azəri-Çıraq-Günəşli"nin dərin qaz layları, "Şəfəq-Asiman", "Ümid-Babək", "Qarabağ" və digər perspektiv strukturlar ölkənin ixrac potensialını uzunmüddətli dövr üçün təmin edən mühüm mənbələrdir. Bu isə o deməkdir ki, Azərbaycan qarşıdakı onilliklər ərzində də Avropanın enerji təhlükəsizliyində aparıcı tərəfdaşlardan biri olacaq. Azərbaycan enerji diplomatiyasını yalnız Avropa istiqaməti ilə məhdudlaşdırmır. Son dövrlər Suriyaya təbii qaz ixracının başlanması bunun növbəti nümunəsidir. Yeni bazarlara çıxış ölkəmizin ixrac imkanlarını genişləndirir, iqtisadi riskləri azaldır və enerji gəlirlərinin daha dayanıqlı olmasına xidmət edir. Azərbaycanın enerji siyasətində bazarların şaxələndirilməsi mühüm strateji istiqamətdir. Bu yanaşma ölkənin qlobal enerji bazarında rəqabət qabiliyyətini daha da artırır”.

Enerji diplomatiyası Azərbaycanın beynəlxalq nüfuzunu artırır
Azər Badamov bildirib ki, Prezident İlham Əliyevin Şuşa Forumunda diqqət çəkdiyi mühüm məsələlərdən biri də yaşıl enerji idi: “Hazırda Azərbaycanda xarici investorlarla birlikdə 2032-cu ilədək təxminən 8 giqavat gücündə günəş və külək elektrik stansiyalarının yaradılması üzrə layihələr həyata keçirilir. Bu layihələrin böyük hissəsi Xəzər dənizinin nəhəng külək potensialına əsaslanır. Yaşıl enerjinin inkişafı daxili qaz istehlakını azaldacaq, əlavə qaz həcmlərinin ixracına imkan yaradacaq və eyni zamanda Azərbaycanı elektrik enerjisi ixrac edən mühüm regional mərkəzə çevirəcək. Qara dənizin dibi ilə çəkilməsi planlaşdırılan enerji kabeli də Azərbaycanın Avropaya elektrik enerjisi ixrac edən ölkələr sırasında yer almasını təmin edəcək”.
Deputat nəzərə çatdırıb ki, bu gün Azərbaycan təkcə enerji resursları ixrac etmir: “Bu aspektdə etimad, sabitlik və uzunmüddətli tərəfdaşlıq amilləri xüsusi qeyd olunmalıdır. Enerji layihələrinin heç biri siyasi təzyiq vasitəsinə çevrilməyib. Əksinə, Azərbaycan bütün tərəfdaşları ilə qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq modeli formalaşdırıb. Məhz buna görə Avropa İttifaqı 2022-ci ildə Azərbaycanla enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzaladı. Bu sənəd Azərbaycanın Avropa üçün strateji əhəmiyyətini rəsmən təsdiqlədi”.
Azərbaycanın enerji potensialı uzunmüddətli inkişaf modelinin əsas sütunlarından biridir
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini vurğulayıb ki, bu gün Azərbaycanın enerji strategiyası yalnız mövcud qaz ehtiyatlarının ixracına hesablanmır: “Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət klassik enerji diplomatiyasını yaşıl enerji, nəqliyyat dəhlizləri, sənaye kooperasiyası və regional inteqrasiya ilə birləşdirən kompleks inkişaf modelinə çevrilib. Azərbaycan artıq təkcə enerji ixracatçısı deyil, Avrasiyanın enerji və logistika təhlükəsizliyini təmin edən əsas dövlətlərdən biridir. Dünyada baş verən geosiyasi dəyişikliklər fonunda ölkəmizin strateji əhəmiyyəti daha da artır və bu proses yaxın illərdə də davam edəcək. Azərbaycanın etibarlı tərəfdaş kimi qazandığı nüfuz isə Prezident İlham Əliyevin uzaqgörən enerji siyasətinin ən mühüm nəticələrindən biridir”.