Bu gün Tanzaniya Birləşmiş Respublikasının Aruşa şəhərində Parlamentlərarası İttifaqın (PAİ) 153-cü Assambleyası çərçivəsində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin (QHPŞ) koordinasiya iclası keçirilib.
Bu barədə APA-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib
İclasa Milli Məclisin və QHPŞ-nin sədri Sahibə Qafarova sədrlik edib.
Sahibə Qafarova indiyədək keçirilən beş konfransın QHPŞ-yə güclü və davamlı marağın təsdiqi olduğu, üzv parlamentarilərin Şəbəkənin işində fəal iştirakının sülh, ədalət və dayanıqlı inkişaf işinə töhfə vermək üçün parlamentlərarası əməkdaşlığın potensialına olan möhkəm inamı nümayiş etdirdiyi bildirilib.
Sahibə Qafarova deyib ki, Parlament Şəbəkəsi öz əhatə dairəsini genişləndirməyə və beynəlxalq rolunu gücləndirməyə davam edir. O, sədr kimi öz xarici səfərləri, ikitərəfli görüşləri və beynəlxalq konfranslardakı iştirakı zamanı bu təşkilatın rolunu və işini təşviq etməyi prioritet hesab etdiyini vurğulayıb və bu istiqamətdə görülən tədbirlər barədə məlumat verib.
Sahibə Qafarova qeyd edib ki, bu gün QHPŞ 6 təşkilatda müşahidəçi statusuna malikdir, 8 təşkilata isə Şəbəkədə müşahidəçi statusu verilib. Həmçinin tərəfdaş təşkilatlarla Anlaşma Memorandumlarının bağlanması təşkilatın beynəlxalq əməkdaşlıqda iştirakını genişləndirir və indiyədək Parlament Şəbəkəsi 10 belə Memorandum bağlayıb.
Bu nəticələri bir sədrliyin və ya hər hansı bir parlamentin nailiyyətləri kimi deyil, kollektiv səylərin nəticəsi kimi qeyd etdiyini deyən spiker Sahibə Qafarova bildirib ki, bütün bunlar üzv parlamentlərin ideyaları bölüşən, həll yolları axtaran və qarşılıqlı hörmət və həmrəylik ruhunda birlikdə çalışan dəyərli töhfələri sayəsində mümkün olub.
Sonra QHPŞ-nin institusionallaşma prosesi barədə müzakirələr aparılıb.
Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva, Venesuela Milli Assambleyasının sədr müavini Qresiya Kolmenares, Mərakeş Müşavirlər Şurasının sədr müavini Lahsen Haddad, Belarus Milli Assambleyası Respublika Şurasının komitə sədri Sergey Aleinik, Pakistan Milli Assambleyası Daimi Komitəsinin sədri Syed Hafeezuddin, Misir Nümayəndələr Palatasının Beynəlxalq əlaqələr komitəsinin sədri Sameh Şukri, Tanzaniya parlamenti komitə sədri Dama Ndumbaro və digər iştirakçılar müzakirə olunan məsələlərlə bağlı fikirlərini bildiriblər.