Yanacaq məhsullarının markalanması və izlənilməsi mexanizmi tətbiq olunacaq.
APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, daxili istehsal və idxal olunan yanacaq məhsullarına tədarük, daşınma və satış mərhələlərində vergitutma və dövriyyə üzrə zəncirboyu nəzarətin təmin edilməsi məqsədilə, beynəlxalq təcrübəyə uyğun olaraq yanacaq məhsullarının markalanması və izlənilməsi mexanizminin tətbiqi təklif olunur.
Qeyd edilib ki, ölkə ərazisində istehsal edilən və ya ölkəyə idxal olunan kimyəvi nişanlama ilə nişanlanmalı olan malların siyahısı, onların ölkə ərazisində dövriyyəsinin ənzimlənməsi, həmçinin kimyəvi nişanlamanın tətbiqi, satışı və uçotunun aparılması qaydalarının Nazirlər Kabineti tərəfindən müəyyən edilməsi nəzərdə tutulur. Sözügedən qaydalara görə Aİ-92 markalı benzin və dizel yanacağı növlərinin kimyəvi nişanlanması təklif edilir.
Kimyəvi nişanlama ilə nişanlanmalı olan malların kimyəvi nişanlama ilə nişanlanmadan və ya təsdiq edilmiş qaydada göstərilən həcm nisbəti pozularaq kimyəvi nişanlama ilə nişanlanmaqla satılmasına, satış məqsədilə saxlanılmasına, istehsal binasının hüdudlarından kənara buraxılmasına, idxal edilməsinə görə vergi ödəyicisinə il ərzində belə hallara birinci dəfə yol verildikdə həmin malların bazar qiyməti ilə dəyərinin 1 misli, təqvim ili ərzində belə hallara iki və daha çox dəfə yol verildikdə 2 misli məbləğində maliyyə sanksiyası tətbiq olunacaq.
Malların bazar qiyməti ilə dəyəri 5000 manatdan az olduqda, vergi ödəyicisinə 5000 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. Kimyəvi nişanlama ilə nişanlanmamış malların və ya təsdiq edilmiş qaydada göstərilən həcm nisbəti pozulmaqla kimyəvi nişanlama ilə nişanlanmış malların dövriyyəsinə həmin mallara görə maliyyə sanksiyası tətbiq edildikdən sonra yol veriləcək.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.