Gəncədə “Süd və süd məhsulları” zavodu inşa olunacaq

Gəncədə  “Süd və süd məhsulları” zavodu inşa olunacaq
# 21 noyabr 2016 12:56 (UTC +04:00)

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Belarus nümayəndə heyətini qəbul edib.

APA-nın qərb bürosunun məlumatına görə, görüş çərçivəsində Gəncədə “Süd və süd məhsulları” zavodunun inşası məqsədilə memorandum imzalanıb. Belarus Kənd Təsərrüfatı Nazirliyi və Gəncə şəhər İcra Hakimiyyətinin imzaladığı memoranduma əsasən Gəncədə aqrar-sənaye kompleksi tikiləcək. 6 min hektar ərazini əhatə edəcək zavodun 2017-ci ildə tikilib təhvil verilməsi nəzərdə tutulub.

E. Vəliyev bildirib ki, aqrar-sənaye kompleksin tikintisinə belaruslu mütəxəssislərin cəlb olunması bu sahənin inkişafına təkan verəcək.

Belarusun Kənd Təsərrüfatı nazirinin birinci müavini Mariniç Leonid Adamoviç vurğulayıb ki, layihənin icra ediləcəyi ərazidən torpaq nümunələri götürülərək onun məhsuldarlığı və kimyəvi elementləri yoxlanılacaq. Zavodda iri buynuzlu heyvanlardan alınan süddən yerli əhali və region əhalisi üçün süd və süd məhsulları istehsal olunacaq.

Xatırladaq ki, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin Belarusa işgüzar səfəri çərçivəsində kombinatın tikintisi ilə bağlı razılıq əldə olunub. İcra başçısını və rəhbərlik etdiyi nümayəndə heyətini Belarusun baş nazirinin müavinləri Mixail Rusıy və Vladimir Semaşko qəbul ediblər. Görüş zamanı Gəncə şəhərində aqrar-sənaye kompleksinin inşa olunması üçün birgə işçi qrupu yaradılıb.

Azər Məmmədli

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR