İsveçrədə Şimal-Cənub və Cənub-Qərb nəqliyyat dəhlizlərinin perspektivləri müzakirə olunub

İsveçrədə Şimal-Cənub və Cənub-Qərb nəqliyyat dəhlizlərinin perspektivləri müzakirə olunub
# 09 yanvar 2017 15:10 (UTC +04:00)

İsveçrənin Sürix şəhərində “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovla “İnterRail Holding AG” şirkətinin sədri Hans Raynhard arasında ikitərəfli görüş keçirilib.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsi Sevinc Qədirovanın APA-ya verdiyi məlumata görə, görüş zamanı İsveçrə yüklərinin Şimal-Cənub və Cənub-Qərb beynəlxalq nəqliyyat dəhlizlərinə cəlb edilməsi, isveçrəli tərəfdaşlarla əməkdaşlığın perspektivləri məsələsi müzakirə olunub.

C. Qurbanov bildirib ki, əsas vəzifə Azərbaycanın əlverişli coğrafi mövqeyindən istifadə edərək, beynəlxalq nəqliyyat dəhlizləri çərçivəsində, Mərkəzi və Şərqi Asiyadan Avropaya və əks istiqamətdə, ölkə ərazisindən keçən marşrutlara, tranzit yüklərin cəlb edilməsidir. Bu marşrutlara yük axının cəlb edilməsi üçün bütün imkanlar səfərbər edilib. Eyni zamanda nəzərə çatdırıb ki, İsveçrənin "Stadler Rail Group" şirkəti ilə geniş əlaqələr mövcuddur. Hazırda şirkətin istehsalı olan KİSS markalı ikimərtəbəli elektrik qatarları Bakı-Sumqayıt marşrutunda istismar olunur.

“İnterRail Holding AG” şirkətinin prezidenti H. Raynhard Şimal-Cənub dəhlizinin aktivləşdirilməsində çox maraqlı olduqlarını vurğulayıb. Həmçinin “Azərbaycan Dəmir Yolları” QSC ilə bu istiqamətdə həyata keçiriləcək strateji əməkdaşlığın önəmindən danışıb.

Qeyd edək ki, “InterRail Holding AG” şirkəti İsveçrənin “Transİnvest” holdinqinə daxildir. Mərkəzi və Şərqi Avropa, Rusiya, Mərkəzi Asiya kimi ərazilərdə əlaqələri olan “TransInvest” şirkəti, 111 fərdi şirkətlərlə dünyanın 34 ölkəsində fəaliyyət göstərir. Şirkətin əsas dörd coğrafi biznes istiqaməti var. Bura Avropa İttifaqı - İsveçrə, Rusiya - Şərqi Avropa, Orta Şərq - Mərkəzi Asiya, Asiya – Uzaq Şərq daxildir. İrandan Avropaya və Avropadan İrana yüklərin idxalı və ixracı ilə məşğul olan nəqliyyat şirkətidir. “InterRail Holding AG” isə dəmir yolu ilə yükdaşıma xidmətləri üzrə Avropa və Avrasiya məkanında aparıcı şirkətlərdən biridir. Beynəlxalq blok qatarların operatoru kimi fəaliyyət göstərir. Avrasiya qitəsində, xüsusilə də MDB ölkələrində ümumi və konteynerləşdirilmiş yüklərin daşınması və konteyner ticarəti ilə məşğul olur. Geniş vaqon parkına sahibdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR