Türkiyənin kənd təsərrüfatı nazirinin müşaviri Bakıdakı səfirlikdə yerləşdiriləcək

Türkiyənin kənd təsərrüfatı nazirinin müşaviri Bakıdakı səfirlikdə yerləşdiriləcək
# 23 fevral 2017 11:42 (UTC +04:00)

Bakıda keçirilən Azərbaycan-Türkiyə kənd təsərrüfatı icra komitəsinin 8-ci iclasının protokolu imzalanıb.


"APA-Economics" xəbər verir ki, protokolu Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev və Türkiyənin Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyinin Avropa Birliyi və xarici əlaqələr idarəsinin rəisi Ali Rəcəb Nazlı imzalayıblar.

İmzalanma mərasimindən sonra çıxış edən Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov və Türkiyənin qida, kənd təsərrüfatı və heyvandarlıq naziri Faruk Çelik kənd təsərrüfatı sahəsində ikitərəfli əlaqələrinin daha da inkişaf edəcəyindən əminlik ifadə ediblər.

H. Əsədov qeyd edib ki, Türkiyənin qida, kənd təsərrüfatı və heyvandarlıq nazirinin müşavirlərindən biri qardaş ölkənin Azərbaycandakı səfirliyində yerləşdiriləcək. Onun sözlərinə görə, müşavirin fəaliyyəti müxtəlif layihələrin icrasına nəzarət etməkdən ibarət olacaq.

Nazir həmçinin əlavə edib ki, Azərbaycan Türkiyədən dəyəri 30-50 mln. dollar olan kənd təsərrüfatı texnikalarını almaq niyyətindədir.

Türkiyə istehsalı olan texnikaları rəqabətqabiliyyətli adlandıran nazir qeyd edib ki, yaxın gələcəkdə Kənd Təsərrüfatı Nazirliyinin elan etdiyi tenderlərdə türk iş adamları iştirak edə biləcək.

H. Əsədov bir daha idxaldan asılılığın azaldılmasına toxunub və daxili istehsalın həcminin artırılmasının önəmini qeyd edib: "Biz hesab edirik ki, Azərbaycan və Türkiyədən olan sahibkarlar birgə istehsal müəssisələri yaratmaqla, idxaldan asılılığın azalmasına səbəb ola bilərlər. Burada türkiyəli investorların imkanlarından geniş istifadə etmək lazımdır".

Nazir onu da bildirib ki, Türkiyədə yaradılan süni mayalanma mərkəzinin analoqunu Azərbaycanda da yaratmaq və ya onun imkanlarından istifadə etmək məqsədəuyğundur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR