Fransanın Arkaşon şəhərində Azərbaycan günləri keçirilir

Fransanın Arkaşon şəhərində Azərbaycan günləri keçirilir
# 07 mart 2017 07:48 (UTC +04:00)

Fransanın Akiten bölgəsinin Arkaşon şəhər meriyası və Azərbaycanın Dostları Assosiasiyasının təşkilatçılığı, Azərbaycanın Fransadakı Səfirliyinin və Paris Azərbaycan Evinin dəstəyi ilə Arkaşonda Novruz bayramına həsr edilmiş "Azərbaycan günləri" çərçivəsində silsilə tədbirlər keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirlər Arkaşon şəhərinin meri İv Fulon ilə Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov, Azərbaycanın Dostları Assosiasiyasının prezidenti, Fransa parlamentinin üzvü Jan-Fransua Mansel və Paris Azərbaycan Evinin rəhbəri, Azərbaycanın Dostları Assosiyasiyasınin Baş katibi Mirvari Fətəliyevanın rəsmi görüşləri ilə başlayıb.

Daha sonra şəhərin Konqreslər Sarayında 300-dən artıq şəhər sakini və bələdiyyə nümayəndəsinin iştirakı ilə konfrans keçirilib. Azərbaycan mədəniyyətinə, tarixinə, turizminə həsr edilmiş qısa filmin nümayişi ilə başlayan konfransda Elçin Əmirbəyov "Azərbaycan: ənənələr və müasirlik ölkəsi" mövzusunda çıxış edib.

Azərbaycanın tarixi, müstəqilliyi, siyasi-iqtisadi uğurları, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Cənubi Qafqaz regionunda ölkənin rolu, Fransa-Azərbaycan münasibətləri mövzusuna toxunan səfir iştirakçıların suallarını cavablandırıb.

Konfransdan sonra Bakı Media Mərkəzinin istehsal etdiyi 1919-cu ildə Paris Sulh konfransına göndərilmiş Azərbaycan nümayəndə heyətinin taleyindən bəhs edən sənədli film nümayiş etdirilib.

Daha sonra şəhərin Olimpiya teatrında Novruz bayramına, Bakı şəhərinin qədim və müasir abidələrinə, ölkəmizin təbiətinə həsr edilmiş rəsm və fotosərgi açılıb.

Sərginin açılışında şəhərin meri İ. Fulon, J.F Mansel, səfir Ə.Əmirbeyov çıxış edib. İ.Fulon 2015- ci ildə Azərbaycan etdiyi ilk səfəri barədə danışıb, bu səfərin onda böyük təəssürat yaratdığını bildirib. O, Arkaşonda bir ay davam edəcək Azərbaycan günlərinin şəhər sakinlərinə ölkənin mədəniyyəti haqqında dolğun məlumat verəcəyini qeyd edib.

J.F Mansel Azərbaycanın təbliği ilə bağlı rəhbərlik etdiyi təşkilatın fəaliyyəti haqqında məlumat verərək həyata keçirilən tədbirlərin Azərbaycanın zəngin mədəniyyəti və tarixinin tanıdılması üçün böyük əhəmiyyət kəsb etdiyini deyib.

Sərgidən sonra teatrın konsert salonunda Bakı Xoreoqrafiya Məktəbinin “Bakı ulduzları” rəqs ansamblının konserti olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR