Ombudsman Krans-Montana Forumunun iştirakçılarını Alxanlıdakı hadisə ilə bağlı məlumatlandırıb

Ombudsman Krans-Montana Forumunun iştirakçılarını Alxanlıdakı hadisə ilə bağlı məlumatlandırıb
# 08 iyul 2017 11:22 (UTC +04:00)

İspaniyanın Barselona şəhərində Krans-Montana Forumunun 28-ci illik sessiyası keçirilib.

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə Ombudsman Elmira Süleymanova iştirak edib. Müvəkkil miqrasiya məsələlərinə həsr edilmiş plenar sessiyanın proqramında nəzərdə tutulmuş məruzə ilə çıxış edib. Azərbaycanda Ombudsman təsisatının 15 illik uğurlu fəaliyyətindən danışan Müvəkkil müxtəlif əhali qruplarının, o cümlədən də qaçqın, məcburi köçkün və miqrantların hüquq və azadlıqlarının müdafiəsi məqsədilə həyata keçirilən müxtəlif tədbirlər haqda məlumat verib.

E. Süleymanova qeyd edib ki, ikitərəfli atəşkəs razılığı əldə edilməsinə baxmayaraq, bu rejim ermənilər tərəfindən müntəzəm olaraq pozulur, 25 ildən artıq davam edən erməni hərbi təcavüzü nəticəsində minlərlə günahsız insanın həyatına son qoyulub, kütləvi şəkildə insan hüquqları kobudcasına pozulur, dünya mədəniyyətinə mənsub tarixi, dini və mədəni abidələri tam dağıdılıb.

Müvəkkil iyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən bir daha Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində məskunlaşan çoxsaylı mülki əhalinin yaşadığı ərazilərə və mülki obyektlərə hədəflənmiş şəkildə və qəsdən şiddətli atəşə tutulması nəticəsində 50 yaşlı Sahibə Quliyeva və onun iki yaşlı nəvəsi Zəhra Quliyevanın həlak olduğunu, Səlminaz Quliyevanin ağır yaralandığını və mülki obyektlərin dağıdıldığını bildirib. Qətlə yetirilmiş 2 yaşlı Zəhranın və onun nənəsinin fotoları yerləşdirilmiş Azərbaycan Ombudsmanının bəyanatı ingilis dilində toplantı iştirakçılarına paylanıb, KİV-lərə təqdim olunub.

Forumda iştirak edən bir neçə ölkənin prezidentləri, rəsmiləri, jurnalistlərlə və digər iştirakçılarla görüşlər keçirilib, əməkdaşlığın inkişafına imkan yaradılması və davam etdirilməsi məsələləri müzakirə edilib.

Sonda Krans-Montana Forumunun bir neçə iştirakçısına qızıl medallar və sertifikatlar paylanılıb. Həmin mükafatlardan biri Türkdilli Ölkələrin Əlaqələndirmə Şurasının baş katibi Ramil Həsənova təqdim olunub.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR