Heydər Əliyev Sarayında uşaqlar üçün Yeni il şənliyi keçiriləcək

Heydər Əliyev Sarayında uşaqlar üçün Yeni il şənliyi keçiriləcək
# 14 noyabr 2017 13:12 (UTC +04:00)

Yanvarın 2-3-də Heydər Əliyev Sarayında uşaqlar üçün “Yeni il gəlir, xoş gəlir” adlı interaktiv, əyləncəli və musiqili şənlik keçiriləcək.

Sarayın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yeni ilin personajları olan Şaxta Baba və Qar qız interaktiv şənlikdə uşaqlarla ünsiyyətdə olacaq, onları mahnılar, oyunlar, milli və müasir rəqslər ilə sevindirəcək. Azyaşlı tamaşaçılara təqdim olunacaq bayram proqramının musiqili qonaqları da olacaq. Tanınmış estrada ulduzlarının çıxışları, həmçinin illüziyaçı və animatorun iştirakı uşaqlara unudulmaz şou bəxş edəcək.

İlk dəfə təqdim olunacaq Veniamin şou proqramı Yeni ilin gəlişini səbirsizliklə gözləyən uşaqların əyləncəsinə əlavə rəng qatacaq. Saat 13:00-da başlayacaq şənliklərin biletlərinin qiyməti 6 manatdan başlayır.

Biletləri iticket.az saytından onlayn, şəhərin kassalarından, ASAN xidmət mərkəzlərindən, Gənclik və 28 Mall ticarət mərkəzlərindəki kassalardan əldə etmək olar.

Qeyd edək ki, “APA Holding” şənliyin informasiya dəstəkçisidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR