Təbriz küçəsində yolun asfaltlanmasına başlanılıb

Təbriz küçəsində yolun asfaltlanmasına başlanılıb
# 14 mart 2018 13:34 (UTC +04:00)

Nəsimi və Nərimanov rayonları arasında yerləşən Təbriz küçəsində asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb.

Avtomobil Yolları Dövlət Agentliyindən “APA-Economics”ə verilən məlumata görə, küçənin Əliyar Əliyev küçəsi ilə kəsişməsindən Ağa Nemətulla küçəsi ilə kəsişməsinədək olan hissəsində aparılan asfatlanma işləri bitmək üzrədir.

Küçənin Ağa Nemətulla və Əhməd Rəcəbli küçələri arasında yerləşən hissəsində isə hərəkətin normal təşkili üçün yeni yol ayrıcları inşa edilir, kənarlarına səki daşları düzülür. Yaxın günlərdə sözügedən hissənin də asfaltlanması işlərinə start veriləcək.

Təbriz küçəsinin uzunluğu 3,5 km, hərəkət hissəsinin eni isə ortalama 16 metr təşkil edir. 2 gediş 2 gəliş olmaqla 4 hərəkət zolaqlı küçə 1 metr enində ayrıcı zolaqla bölünür.

Küçənin əsaslı şəkildə yenidən qurulması işləri yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla birgə aparılır. Belə ki, istismar müddəti bitmiş su və qaz xətləri yenidən çəkilir, zəruri olan yerlərdə yolun hərəkət hissəsindən kənara çıxarılır. Birgə aparılan işlər gələcəkdə yolun tez bir zamanda sıradan çıxmasının qarşısını almış olacaq.

Agentlik tərəfindən aparılan yenidənqurma işləri çərçivəsində 35 min kvadratmetrdən çox sahədə köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılır, əks dolğu və kipləşdirmə işləri aparılır, yol ayrıcı və piyada səkiləri bərpa olunur, kənarlarında köhnə səki daşları sökülərək yeniləri ilə əvəz olunur. Ümumilikdə isə 10 min paqon-metr yeni səki daşının düzülməsi nəzərdə tutulub.

Təmir-tikinti layihəsi ilə küçə boyu mövcud köhnə yağış-kanalizasiya sistemi bərpa olunaraq işlək vəziyyətə salınacaq, zəruri yerlərdə yeni sistem qurulacaq, yeni yağış barmaqlıqları və kommunikasiya xətlərinin baxış qapaqları qoyulacaq. Sutkanın qaranlıq saatlarında küçənin normal işıqlandırılmasını təmin etmək məqsədi ilə işıqlandırma sistemi yenilənəcək, 8 yerdə avtobus dayanacaqlarının önündə xüsusi “cib”li hissələr yaradılacaq.

Küçə boyu texnoloji ardıcıllığa uyğun olaraq 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənəndən sonra, nəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün yeni yol nişanları quraşdırılacaq, yolun üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR