Fuad Muradov Gürcüstanda Kvemo Kartli qubernatoru ilə görüşüb

Fuad Muradov Gürcüstanda Kvemo Kartli qubernatoru ilə görüşüb
# 13 iyun 2018 16:32 (UTC +04:00)

Gürcüstanda səfərdə olan Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Kvemo Kartli bölgəsinin qubernatoru Qriqol Nemsadze ilə görüşüb.

APA-nın Gürcüstan müxbirinin məlumatına görə, görüşdə Gürcüstan və Azərbaycan arasında dostluq, tərəfdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə olunub.

Q. Nemsadze görüş zamanı Azərbaycan nümayəndə heyətinə azərbaycanlıların kompakt yaşadığı Kvemo Kartli bölgəsinin investisiya və turizm potensialı barədə məlumat təqdim edib.

Görüşdə həmçinin bölgədə yaşayan etnik azlıqların inteqrasiyasına yönəlmiş dövlət proqram və layihələr barədə də söz açılıb.

Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, SOCAR-ın Gürcüstan Nümayəndəliyinin rəhbəri Mahir Məmmədov və digər rəsmi şəxslər də iştirak edib.

F. Muradov daha sonra Marneuli rayonunda yerli ictimaiyyət nümayəndələri ilə görüş keçirib. O, Gürcüstan azərbaycanlılarını narahat edən məsələlərlə maraqlanıb.

Qeyd edək ki, F. Muradovun başçılıq etdiyi nümayəndə heyətinin Gürcüstana səfəri iyunun 12-də başlayıb. Komitə sədri səfər çərçivəsində artıq Gürcüstanın patriarxı II İlya, xarici işlər naziri Mixeil Canelidze, mədəniyyət və idman naziri Mixeil Giorqadze ilə görüşüb. O həmçinin Tbilisidə Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Mərkəzinə də baş çəkib.

Azərbaycan nümayəndə heyətinin qonşu ölkəyə səfəri iyunun 17-də başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR