Azərbaycan prezidenti: “2018-ci ilin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələrə uğurla nail olacağıq”

Azərbaycan prezidenti: “2018-ci ilin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələrə uğurla nail olacağıq”
# 09 iyul 2018 20:51 (UTC +04:00)

“Ötən altı ayın göstəriciləri deməyə əsas verir ki, biz 2018-ci ilin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələrə uğurla nail olacağıq. Bundan sonrakı illərdə Azərbaycan iqtisadiyyatı dinamik şəkildə inkişaf etməlidir. Bunu təmin etmək üçün, əlbəttə ki, islahatlar daha da dərinləşməlidir”.

APA-Economics”in məlumatına görə, bunu prezident İlham Əliyev iyulun 8-də Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib. Dövlət başçısı qeyd edib ki, son illər ərzində aparılan islahatlar öz gözəl bəhrəsini verib: “Əgər biz bu islahatları aparmasaydıq, bu qədər böyük iqtisadi uğurlara çata bilməzdik. Ancaq hesab edirəm ki, indiki dövrdə biz bu islahatları daha da dərinləşdirməliyik. Elə etməliyik ki, Azərbaycan iqtisadiyyatı uzunmüddətli, gələcəkdə dayanıqlı iqtisadiyyat kimi özünü göstərsin, neftdən, qazdan asılılıq daha da aşağı düşsün və qeyri-neft sektorunun inkişafı sürətlə davam etdirilsin”.

Prezident İlham Əliyev qeyd edib ki, iqtisadi və maliyyə sektorlarında maksimum şəffaflıq təmin edilməlidir: “Bu şəffaflıq imkan verəcək ki, Azərbaycan iqtisadiyyatı daha inamla inkişaf etsin, qeyri-neft sektorumuza xarici sərmayə daha böyük həcmlə qoyulsun. Çünki bu sektora xarici sərmayənin lazımi səviyyədə olmamasının əsas səbəbi qeyri-şəffaf vəziyyətdir. Eyni zamanda, qanunvericilikdə də əlavə tədbirlər görülməlidir, baxmayaraq ki, bizim qanunvericiliyimiz xarici sərmayənin cəlb edilməsi üçün çox əlverişlidir. Əgər belə olmasaydı, ölkə iqtisadiyyatına 230 milyard dollardan çox sərmayə qoyulmazdı. Ancaq müasir dövrün tələbləri diktə edir ki, islahatlar daha da dərinləşsin və şəffaflıq tam təmin edilsin”.

Dövlət başçısı əlavə edib ki, son vaxtlar vergi və gömrük sistemlərində aparılan islahatlar öz bəhrəsini verir: “Bu sahələr bir-birinə bağlı olan sahələrdir və əlbəttə ki, islahatlar hər iki sahədə paralel olaraq aparılmalıdır və aparılır. Əminəm ki, görülmüş işlər nəticəsində yaxın gələcəkdə biz daha da böyük nəticələri görəcəyik. Vergi və gömrük orqanları dünyanın inkişaf etmiş ölkələrinin səviyyəsinə qalxmalıdır. Yəni, sadə dillə desək, vəzifə bundan ibarətdir.

Əlbəttə ki, kadr dəyişikliyi aparılmalıdır və aparılır. Əminəm ki, bu, öz bəhrəsini verəcək. Qabaqcıl ölkələrin təcrübəsi Azərbaycanda tətbiq edilməlidir. Bütün dövlət qurumları, eyni zamanda, sahibkarlar da bilməlidirlər ki, vergi və gömrük sistemlərində tam şəffaflıq təmin edilir, bərabər şərait yaradılıbdır, qeyri-sağlam rəqabətə son qoyulur. Sahibkarlar tam aydın bilməlidirlər ki, işləmə qaydaları nədən ibarətdir. O da çox sadədir: qanunlara riayət etmək, vergiləri tam ödəmək, qaçaqmalçılıqla məşğul olmamaq və ölkə iqtisadiyyatına ziyan vurmamaq. Əsas şərtlər bundan ibarətdir”.

Prezident İlham Əliyev vurğulayıb ki, sahibkarlar da öz tərəfindən bu işlərdə məsuliyyətlərini göstərməlidirlər.

“Vergidənyayınma hallarına son qoyulmalıdır. Bu, kiçik və böyük sahibkarlara aiddir. Hamı qanun qarşısında bərabər olmalıdır. Vergi və gömrük orqanlarının rəhbərliyi qarşısında mənim tapşırıqlarım bundan ibarətdir. Heç kimin heç bir güzəşti yoxdur, ola da bilməz. Hər bir sahibkar vergisini tam ödəməlidir və vergidən başqa heç bir başqa ödəniş olmamalıdır. Mən bunu həm dövlət orqanlarına, həm də sahibkarlara deyirəm. Əgər belə hallar olarsa, dərhal birbaşa Prezident Administrasiyasına və aidiyyəti qurumlara məlumat göndərilməlidir. Çünki biz bu sahədə tam sağlamlaşdırma siyasətimizi davam etdirib başa çatdırmalıyıq”, - deyə dövlət başçısı qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR