Azərbaycanda yerli və xarici QHT-lərin fəaliyyətinin öyrənilməsi qaydası təsdiqlənib

Azərbaycanda yerli və xarici QHT-lərin fəaliyyətinin öyrənilməsi qaydası təsdiqlənib
# 13 fevral 2016 17:00 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Ədliyyə Nazirliyinin Kollegiyası “Qeyri-hökumət təşkilatlarının, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyətinin öyrənilməsi Qaydaları”nı təsdiq edib.

APA-nın məlumatına görə, bu Qaydalar QHT-lərin fəaliyyətinin onların nizamnamələrinə (əsasnamələrinə) və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğunluğunun öyrənilməsinin hüquqi və təşkilati əsaslarını müəyyən edir.

Bu Qaydalar QHT-lər tərəfindən qanunvericiliyə və nizamnamə məqsədlərinə riayət edilməsinin təmin olunmasına, onların fəaliyyətində hüquq pozuntularının aşkar edilməsi və qarşısının alınmasına, habelə bu QHT-lərdən qanunvericiliyə zidd məqsədlərlə istifadə olunması imkanlarını istisna edən şəraitin yaradılmasına, cəmiyyətin və həmin təşkilatların maraqlarının qorunmasına yönəlib. Regional ədliyyə şöbələri QHT-lərin fəaliyyətinin öyrənilməsinin nəticələri barədə hər yarım il üzrə (iyunun və dekabrın 30-dək) Qeydiyyat və notariat baş idarəsinə ümumiləşdirilmiş məlumat təqdim etməlidirlər. QHT-lərin fəaliyyətinin öyrənilməsi işinə aidiyyəti dövlət orqanlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri, habelə ayrı-ayrı sahələr üzrə mütəxəssislər cəlb edilə bilər. QHT-lərin fəaliyyəti öyrənilərkən hüquq pozuntularına şərait yaradan halların müəyyən edilərək aradan qaldırılması ilə yanaşı, onların təhlilinə və qabaqlayıcı tədbirlərə də diqqət yetirilməlidir. QHT-lərlə ədliyyə orqanı arasında məlumat və sənəd mübadiləsi “Fərdi elektron pəncərə” elektron məlumat sistemi vasitəsilə aparıla bilər. Ədliyyə Nazirliyi tərəfindən QHT-lərə fəaliyyətlərində qanunvericiliyin tələblərinə əməl edilməsinin təmin olunması ilə əlaqədar dövri təlimlər təşkil edilir.

QHT-lərin fəaliyyətinin öyrənilməsi zamanı fəaliyyətinin nizamnaməsinə (əsasnaməsinə) uyğunluğu, qanunun tələblərinə riayət edilməsi, o cümlədən ali idarəetmə, icra və nəzarət orqanlarının yığıncaqlarının, habelə üzvlərin reyestrinin aparılması, gəlirlərinin təşkilatın məqsədlərinə yönəldilməsi, fəaliyyətində şəffaflığın təmin edilməsi, qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət reyestri üçün zəruri olan məlumatların vaxtında təqdim edilməsi, dövlət reyestrində olan sənədlərin qanunvericiliyə uyğunluğu, illik maliyyə hesabatlarının təqdim olunması, qrant, mühasibat uçotu haqqında qanunvericiliyə riayət edilməsi, maliyyə və təsərrüfat fəaliyyətinin qanunauyğunluğu, qurumun fəaliyyəti ilə bağlı əlaqəli normativ hüquqi aktlara riayət edilməsi araşdırılır. QHT-lərin fəaliyyətinin öyrənilməsi çərçivəsində cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı qanunvericiliyin pozulması halları müəyyən edildikdə “Qeyri-hökumət təşkilatları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və ya nümayəndəlikləri tərəfindən “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi” Qaydalarına uyğun tədbirlər həyata keçirilir. QHT-lər fəaliyyətlərinin öyrənilməsi zamanı ədliyyə orqanına təqdim etmək üçün öz yazışmaları üzrə kargüzarlığı aparmalı, həyata keçirdiyi layihələrin, maliyyə və mühasibat sənədlərinin, bağladığı müqavilələrin və digər sənədlərin təsdiq olunmuş surətlərini ayrıca qovluqda saxlamalıdırlar. Kargüzarlıq sənədlərin daxil olduğu (imzalanaraq təsdiq olunduğu) müddətlər, bank və digər sənədlərin tərtib olunduğu və ya təqdim olunduğu tarixlər üzrə aparılır, hər bir sənədə nömrə verilir. Təsis sənədlərinə dəyişikliklər, qurumun fəaliyyətinə (ali və icra orqanlarının qərarları, protokolları və s.), qrant müqavilələrinə (layihələr, layihə üzrə təsdiqedici maliyyə və mühasibatlıq sənədləri ilə birlikdə) dair sənədlər ayrı-ayrı qovluqlarda saxlanılır.



QHT-lərin fəaliyyətinin öyrənilməsi 30 gün ərzində həyata keçirilir. Ədliyyə orqanının rəhbərinin yazılı razılığı əsasında QHT-nin fəaliyyətinin öyrənilməsi müddəti 30 gün artırıla bilər. QHT-lərin fəaliyyətinin öyrənilməsi plan üzrə və ya plandankənar keçirilir. Hər il dekabr ayında növbəti il üzrə fəaliyyətinin öyrənilməsi nəzərdə tutulan QHT-lərin siyahısı hazırlanır və ədliyyə orqanının rəhbəri tərəfindən təsdiq olunur. Regional ədliyyə şöbələrinin rəhbərləri təsdiq etdikləri siyahını və QHT-lərin fəaliyyətinin plandankənar öyrənmə hallarını Ədliyyə Nazirliyinın Qeydiyyat və notariat baş idarəsi ilə razılaşdırır. QHT-lərin fəaliyyətinin plandankənar öyrənilməsi dövlət qurumlarından məlumatlar və kütləvi informasiya vasitələrində məlumatlar yayıldıqda, fiziki və hüquqi şəxslərin, habelə QHT-nin iştirakçılarının müraciətləri daxil olduqda, bilavasitə ədliyyə orqanı tərəfindən pozuntular aşkar edildikdə həyata keçirilir. QHT-nin fəaliyyətinin öyrənilməsi plan üzrə aparıldıqda azı 7 gün, plandankənar aparıldıqda isə azı 1 gün əvvəl bu barədə həmin QHT-yə yazılı məlumat verilməlidir. Ədliyyə orqanı vəzifələrin icrası ilə əlaqədar zəruri məlumatların (sənədlərin) təqdim edilməsini, o cümlədən tərtib etdiyi sorğu vərəqəsinin cavablandırılmasını QHT-dən tələb etmək, həmin məlumatlara (sənədlərə) baxış keçirmək və onların surətini çıxarmaq hüququna malikdir. QHT-lərin fəaliyyətinin öyrənilməsi zamanı izahatlar alına və müzakirələr keçirilə bilər. Tələb olunan məlumatlar (sənədlər) vaxtında təqdim edilmədikdə və ya mövcud olmadıqda bu barədə protokol tərtib olunur, protokolda QHT-nin vəzifəli şəxsinin məsələ ilə bağlı yazılı izahatı əks olunur. QHT-lərin fəaliyyətinin öyrənilməsinə maneələrin yaradılması, o cümlədən sorğulara cavab verilməməsi, tələb olunan sənədlərin və məlumatların təqdim edilməməsi, yanlış məlumatların verilməsi İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Ədliyyə orqanı QHT-lərin fəaliyyətinin öyrənilməsi çərçivəsində dövlət və yerli özünüidarəetmə orqanlarına, hüquqi şəxslərə sorğularla müraciət edə bilər, fiziki şəxslərdən tələb olunan sənədləri əldə edə bilər.



QHT-lərin fəaliyyətinin öyrənilməsinin nəticələri aktla rəsmiləşdirilir. Aktda QHT-nin adı, təşkilati-hüquqi forması, qeydiyyat tarixi və nömrəsi, rəhbərinin (vəzifəli şəxsin) adı, soyadı, atasının adı, QHT-nin fəaliyyətinin öyrənilməsi tarixi, əhatə etdiyi dövr, həyata keçirilməsi barədə QHT-yə göndərilmiş xəbərdarlığın tarixi və nömrəsi, fəaliyyətin öyrənilməsini həyata keçirmiş vəzifəli şəxs (şəxslər), aktın tərtib olunma tarixi və tərtib edən şəxs (şəxslər), fəaliyyətin öyrənilməsinin əhatə etdiyi sahələr (sənədlər), aşkar olunmuş pozuntular və ya çatışmazlıqlar (o cümlədən QHT-nin fəaliyyətinin öyrənilməsi çərçivəsində cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı nəzarət orqanı funksiyalarının həyata keçirilməsinin nəticələri), QHT-nin fəaliyyətinin təkmilləşdirilməsi və ya aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması barədə tövsiyələr, pozuntularla bağlı görülməsi zəruri olan tədbirlər üzrə təkliflər əks olunur. Qurumun fəaliyyətinin öyrənilməsi nəticəsində QHT barədə qanun pozuntusunun aşkar olunmaması haqqında, inzibati xətanın əlamətləri aşkar olunduqda, İnzibati Xətalar Məcəlləsində müəyyən edilmiş müddətlərdə və qaydada inzibati xəta haqqında iş üzrə icraata başlanılması və aşkar olunmuş pozuntuların aradan qaldırılması haqqında, cinayət əlamətləri aşkar edildikdə, toplanmış materialların aidiyyəti üzrə prokurorluğa, təhqiqat və ya istintaq orqanlarına göndərilməsi haqqında, digər pozuntular aşkar edildikdə, toplanmış materialların qanunvericiliklə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi və aşkar olunmuş pozuntuların aradan qaldırılması məqsədilə aidiyyəti qurumlara göndərilməsi haqqında və QHT-yə yazılı xəbərdarlığın edilməsi və pozuntuların aradan qaldırılmasına dair göstərişin verilməsi haqqında qərarlar qəbul oluna bilər.QHT-nin fəaliyyətinin öyrənilməsi üzrə akt tərtib olunduqdan sonra aşkar olunmuş pozuntular və çatışmazlıqlar barədə məlumat QHT-nin “Fərdi elektron kabineti”ndə yerləşdirilir və onun ünvanına göndərilir. QHT onun fəaliyyətinin öyrənilməsi nəticəsində aşkar olunmuş pozuntular və ya çatışmazlıqlar barədə məlumatlandırıldıqdan sonra 30 günədək müddətdə onların aradan qaldırılması barədə ədliyyə orqanına məlumat verməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR