Xətai rayon prokurorluğunda “Yaşıl dünya üçün hüquqi yeniliklər” adlı tədbir keçirilib

Xətai rayon prokurorluğunda “Yaşıl dünya üçün hüquqi yeniliklər” adlı tədbir keçirilib
# 03 may 2024 10:25 (UTC +04:00)

Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar həyata keçirilən silsilə tədbirlərin davamı olaraq, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə olan ictimai maraq nəzərə alınaraq, mayın 3-də Xətai rayon prokurorluğunun inzibati binasında “Yaşıl dünya üçün hüquqi yeniliklər” adlı tədbir keçirilib.

APA xəbər verir ki, tədbirdə media qurumları və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib.

Ətraf mühitin mühafizəsi, habelə prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı məlumatlılığın artırılması məqsədilə təşkil olunmuş tədbir zamanı açılış nitqi ilə çıxış edən Xətai rayon prokuroru Sərdar İmanov qonaqları salamlayaraq, rayon prokurorluğunun fəaliyyəti, cinayətkarlığa qarşı aparılan mübarizə tədbirləri, habelə insan hüquq və azadlıqlarının müdafiəsi naminə görülən işlər barədə danışıb.

Bakı şəhər prokurorunun köməkçisi Famil Axundov çıxışında prokurorluq orqanlarının digər dövlət qurumları ilə birgə ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın bərpa edilməsi istiqamətində gördüyü kompleks işlər barədə məlumat verib, yaşıl dünya naminə beynəlxalq əməkdaşlığın əhəmiyyətindən bəhs edib.

Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov çıxış zamanı yaşıl dünya üçün hüquqi tənzimləmələrdən bəhs edərək təbii resurslar və bioloji çeşidliliyin qorunması, tullantıların idarə olunması, enerji effektliliyi və alternativ enerji istehsalı, zərərli kimyəvi maddələrin idarə edilməsi kimi sahələrdə formalaşmış hüquqi strukturlar, normativ əsaslar və hüquqi məsuliyyət tədbirləri barədə məlumat verib.

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin böyük prokuroru Şəbnəm Məmmədova çıxışı zamanı ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində görülən tədbirlər barədə məlumat verərək bəzi statistik göstəricilərə toxunub.

Həmçinin, tədbir zamanı rayon prokurorluğunun əməkdaşları tərəfindən fəaliyyət sahələri üzrə dinləyicilərə ətraflı məlumatlar verilib.

İnzibati bina barədə məlumatlandırılan iştirakçılar binada əməkdaşlar üçün yaradılmış iş şəraiti ilə tanış olub, onlara “Elektron prokurorluq” informasiya sistemi əyani olaraq nümayiş olunub.

Kriminalistik avtomobil və avadanlıqlarla tanış olan qonaqlara istintaq hərəkətlərinin keçirilməsi zamanı müasir texnikadan istifadənin əhəmiyyəti izah olunub.

Prokurorluq orqanlarında görülmüş işlərlə bağlı videoçarxı izlədikdən sonra iştirakçılarla fikir mübadiləsi aparılıb, prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı onları maraqlandıran suallar cavablandırılıb.

Sonda xatirə fotoşəkli çəkilib.

Səma Əliyeva

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR