Bakı. Etibar Məmmədov – APA. Bu gün Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) III hesabat qurultayı keçirilib.
APA-nın məlumatına görə, qurultayda ittifaqın fəaliyyətinə həsr olunmuş videoçarxın nümayiş olunub, Nəzarət-Təftiş Komissiyasının hesabatı təqdim edilib.
ATGTİ-nin sabiq sədri Şahin İsmayılov hesabat xarakterli çıxış edib.
Gənclər və idman naziri Azad Rəhimov çıxışında Azərbaycanda gənclər siyasətinə ölkə rəhbərliyi tərəfindən dəstək verildiyini diqqətə çatdırıb: “ATGTİ ölkənin gənclər sektorunda xüsusi çəkiyə malikdir. Ötən dövr ərzində ittifaq qabaqcıl ideyalar və dəyərlər gətirən, orijinal təşəbbüslərlə çıxış edən və daim yeniləşən vahid qüvvəyə çevrilib. Bu ittifaq tələbə gənclər təşkilatlarını birləşdirərək, onların bilik və bacarıqlarını, ideyalarını reallaşdırmağa böyük köməklik göstərir”.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov bildirib ki, ittifaqın yaradılmasında məqsəd pərakəndə şəkildə fəaliyyət göstərən tələbə gənclər təşkilatlarının fəaliyyətini əlaqələndirmək və stimullaşdırmaq olub. Onun sözlərinə görə, hesabat dövründə 350 layihə, minlərlə gənci əhatə edən irimiqyaslı tədbirlər həyata keçirilib: “Bu gün Azərbaycanda 300 dən çox qeydiyyatdan keçmiş gənclər təşkilatları mövcuddur. 35 min üzvü olan ATGTİ, üzvlərinin sayına görə gənclər sektorunda ən böyük təşkilatdır”.
Səsvermə ilə ATGTİ-nin İdarə Heyətinin üzvləri seçilib. İttifaqın 5 nəfərdən ibarət Nəzarət-Təftiş Komissiyası formalaşdırılıb.
Sonda səsvermə nəticəsində Şahin İsmaylov yenidən ittifaqın sədri seçilib.