Tiflisdə “Amerika dəyərlərinin Avropada möhkəmləndirilməsi: uğurlar və çağırışlar” mövzusunda beynəlxalq konfrans keçirilir - FOTOSESSİYA

Tiflisdə “Amerika dəyərlərinin Avropada möhkəmləndirilməsi: uğurlar və çağırışlar” mövzusunda beynəlxalq konfrans keçirilir - <span style="color: red;">FOTOSESSİYA
# 12 iyul 2014 11:32 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. Tiflisdə “Amerika Məzunlarının Avropa Şəbəkəsi” (ENAM) proqramı çərçivəsində hər il bir ölkədə keçirilən 4-cü beynəlxalq konfransı başlayıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbir “Amerika dəyərlərinin Avropada möhkəmləndirilməsi: uğurlar və çağırışlar” mövzusunda təşkil olunub.

Konfransı ABŞ-ın Gürcüstandakı səfiri Riçard Norland açıb. ENAM təşkilatının baş katibi Masimo Kuquzi və “ABŞ hökumətinin mübadilə proqramlarının Gürcüstan iştirakçıları Assosiasiyası”nın (ERAG) sədri Andro Dadiani iştirakçılara müraciət ünvanlayaraq, demokratiyanın inkişafı yolunda Qərb dəyərləri, əldə edilən uğurlar və çətinliklər barədə fikirlərini bildiriblər.

Beynəlxalq tədbir ABŞ səfirliyinin dəstəyi ilə və EPAG tərəfindən təşkil olunub. Tədbirə 11 ölkədən 17 nümayəndə qatılıb. Konfransda Azərbaycan, Almaniya, İspaniya, İtaliya, Litva, Moldova, Rusiya, Fransa, Ermənistan, Ukrayna və Çexiya nümayəndələri iştirak edir. Tədbirdə Azərbaycanı "ABŞ Təhsilli Azərbaycanlı Məzunlar Assosiasiyası»nın (AAA) idarə heyətinin üzvü Əliyar Hüseynov və təşkilatın üzvü, eyni zamanda “Amerika Məzunlarının Avropa Şəbəkəsi”nin (ENAM) İdarə Heyətinin üzvü Ceyhun Kərəmov təmsil edib. Konfransda ABŞ hökumətinin müxtəlif akademik və peşəkar proqramlarının Gürcüstan məzunları da iştirak edib.

Tədbirin ikinci panelində Gürcüstan Strateji Araşdırmalar İnstitutunun direktoru Eka Tkeşelaşvili, Niderland, Gürcüstan İctimai Əlaqələr İnstitutunun hüquq və siyasət fakültəsinin dekanı Bakur Kvarşilava, Hollandiya çoxpartiyalı Demokratiya İnstitutunun Cənubi Qafqazdakı nümayəndəsi Levan Tavdqiridze məruzələrlə çıxış ediblər.

Müvafiq tədbirlər ötən illərdə İngiltərə, İtaliya və Kiprdə keçirilib. Bu ilin oktyabrında belə bir tədbirin Moldovada keçiriləcəyi nəzərdə tutulub.

ERAG sədri Andro Dadiani APA-ya açıqlamasında Amerika hökumətinin dəstəyi ilə həyata keçirilən ENAM proqramının Cənubi Qafqaz ölkələri və digər ölkələr üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib: “Bu tədbir ilk dəfə olaraq Gürcüstanda keçirilir. Biz çalışırıq ki, Amerikada daha çox tələbə təhsil alsın. Ən başlıcası odur ki, Amerikada təhsil alan məzunlar Gürcüstana qayıdıb demokratik inkişafa kömək etsinlər.”

ENAM İdarə Heyətinin üzvü Ceyhun Kərəmov isə Azərbaycanda yaradılan assosiasiyanın 10 ildir ki, fəaliyyət göstərdiyini və təşkilatın kifayət qədər təcrübəsi olduğunu bildirib: “Təşkilatımız Avropada ən fəal təşkilatlardan biridir. Hər il biz xaricdə təhsil alan azərbaycanlıların təhsil forumunu təşkil edir, tələbələrlə xaricdə təhsil almaq və Amerikada öyrəndiyimiz bilik və bacarıqları təbliğ edir, Azərbaycan-Amerika münasibətlərini daha da yaxşılaşdırmağa çalışırıq. Avropa təşkilatı 4 ildir yaradılıb. Amma bizim təşkilat artıq 10 ildir fəaliyyət göstərir. Məqsədimiz odur ki, məzunlarımız Avropa və Amerikada təhsil alaraq ölkəmizə qayıtsın və Azərbaycanda demokratik və dayanıqlı inkişafa öz töhfələrini versinlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR