“Niyə kimsə hansısa məqsədlə Milli Şura təsis edib, bizə müəyyən şərtlər diktə etməlidir?” - SORĞU

“Niyə kimsə hansısa məqsədlə Milli Şura təsis edib, bizə müəyyən şərtlər diktə etməlidir?” - <span style="color: red;">SORĞU
# 15 may 2013 15:05 (UTC +04:00)

İctimai Palatanın Koordinasiya Şurasının üzvü, “EL” Hərəkatının İdarə Heyətinin sədr müavini Zəfər Quliyev məsələ ilə bağlı APA-ya açıqlamasında deyib ki, danışıqların yalnız Müsavat Partiyası, AXCP və “EL” Hərəkatı səviyyəsində aparılması bu ideyanın müəllifi Rüstəm İbrahimbəyova məxsusdur.

Z. Quliyevin fikrincə, müzakirələrdə əksər partiyaların iştirakı ideyanın gerçəkləşməsinə mane ola bilər: “Hər bir prosesin moderatoru olmalıdır, yəni kimsə bu danışıqlar yükünü öz üzərinə götürməlidir. Bu, bütün proseslərdə belədir. Mən təsəvvür etmirəm ki, danışıqlar dövründə 20-30 siyasi təşkilatın liderləri bu prosesə eyni dərəcədə moderatorluq edib hansısa nəticəyə gələ bilər. Ona görə ki, Azərbaycan reallığında bu mümkün deyil. Bununla, faktiki olaraq, ideyanı məhv etmək olar. Çünki üç siyasi təşkilat arasında nə qədər çətin olsa da, bir çox məsələlərdə razılığa gəlmək olur. 20 təşkilat arasında isə bu razılıq mümkün olmayacaq və ideya reallaşmamış qala bilər”.

Z. Quliyev onu da bildirib ki, danışıq aparan 3 təşkilat təsisçi rolunu oynamır: “Kollektiv üzvlük və kollektiv təsisçilik yoxdur”.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu APA-ya açıqlamasında danışıqların bu səviyyədə aparılmasını hansısa maraqların təmin olunmasına cəhd kimi qiymətləndirib: “Onlar öz aralarında nə isə planlaşdırırsa, sonradan Milli Şuraya kim qoşulacaq? Boş bir şeydir. Görünür, o adamlar özləri ideyaların həyata keçirilməsi qaydalarını bilmirlər. Düşünürəm ki, bu, demokratik yol deyil”.

Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan isə APA-ya deyib ki, Milli Şuranı 3 siyasi təşkilat yarada bilməz: “Milli Şuranı üç siyasi təşkilat yarada bilməz. Milli Şuranı cəmiyyətin bütün təbəqələrinin iştirakı ilə bu və ya digər formada təmsilçiliyi ilə yaratmaq lazımdır. Cəmiyyətdə daha çox nüfuza malik siyasi təşkilatlar, liderlər bu qurumun bərabərhüquqlu təsisçisi olmalıdır. Niyə kimsə Milli Şuranı təsis edib, müəyyən şərtləri bizə diktə etməlidir? Milli Şurada bərabərhüquqlu təsisçi kimi iştirak edəcəyiksə, Lalə Şövkət də başda olmaqla, öz imkanlarımız çərçivəsində ideyanın gerçəkləşməsi üçün əlimizdən gələni etməyə hazırıq. Əgər bu olmayacaqsa, yenə də şəxsi maraqlar önə çıxacaqsa, onda biz bu qurumda təmsil olunmaqdan imtina edəcəyik”.

Ümid Partiyasının sədri İqbal Ağazadə də APA-ya bildirib ki, hər kəs bu danışıqları bildiyi çərçivədə və bildiyi subyektlər arasında aparır: “Bu, onların şəxsi işidir. Amma bu ideyanın Azərbaycanın siyasi çevrələrini əhatə edəcəyinə gəldikdə isə deyə bilərəm ki, xeyr, bu, belə olmayacaq. Artıq şərait göstərir ki, Milli Şura Azərbaycan cəmiyyətinin sosial sifariş olaraq gözlədiyi siyasi partiyaların birliyi anlayışını özündə ehtiva etmir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR