Politoloqlar Azərbaycan-Rusiya münasibətlərini müzakirə ediblər

Politoloqlar Azərbaycan-Rusiya münasibətlərini müzakirə ediblər
# 23 may 2013 10:55 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova - APA. Politoloqların diskussiya klubunun Azərbaycan-Rusiya münasibətlərinin mövcud vəziyyəti və Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Rusiyaya rəsmi səfərinin nəticələrinə həsr olunmuş toplantısı keçirilib. APA-nın məlumatına görə, tədbirdə politoloqlar Razi Nurullayev, Tofiq Abbasov və Elxan Şahinoğlu iştirak ediblər.

Tədbirdə vurğulanıb ki, Azərbaycanla Rusiya arasında müəyyən problemlər yaşansa da, tərəflər kompromis tapmaq üçün güzəştə getməlidir, baxışlar və prinsiplər fərqli olsa da, bunlar çox böyüdülməməlidir. Politoloqlar bildiriblər ki, Rusiya hazırda post-imperiya sindromu yaşayır: “Rusiyada hələ də anlamırlar ki, Azərbaycan müstəqil bir ölkədir. Azərbaycanın Rusiyadan heç bir asılılığı yoxdur. Hazırda Rusiyanın əlində Azərbaycana təzyiq məqsədilə istifadə olunacaq əsas məqam Dağlıq Qarabağ münaqişəsidir”.

Bakı-Novorossiysk boru xəttinin bağlanmasından danışan Tofiq Abbasov bunun siyasi məsələ olduğunu söyləyib. Onun sözlərinə görə, bu boru xətti heç vaxt səmərəli olmayıb və gərgin siyasi proseslər zamanı imzalanıb.

Razı Nurullayev isə hesab edir ki, Azərbaycanın müstəqil, Qərb yönümlü siyasət yeritməsi Rusiyanı narahat edir: “Bu səbəbdən də Qəbələ RLS-i bağladılar və Bakı-Novorossiysk boru xətti ilə neftin nəqlini dayandırdılar. Bununla da Azərbaycandan Rusiyaya neft daşıyan yeganə boru xətti fəaliyyətini dayandırdı”.

Elxan Şahinoğlu hesab edir ki, Azərbaycanın Qərblə neft layihələri imzalanmasından sonra artıq Rusiya Azərbaycanı özünə rəqib görür: “Azərbaycanla Rusiya strateji müttəfiq deyil, çünki onlar Dağlıq Qarabağ münaqişəsində Ermənistana yönəlik siyasət yürüdürlər. Bu isə strateji müttəfiq termininə uyğun deyil”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR