Bakı. Real Cəfərli - APA. İranda tanınmış azərbaycanlı fəal zəmanətlə azadlığa buraxılıb.
APA-nın “Oyannews”a istinadən verdiyi məlumata görə, martın 14-də axşam saatlarında ailəsinin qoyduğu 300 milyon tümənlik mülk girovu qarşılığında Tehranın Evin həbsxanasında sərbəst buraxılıb.
Qeyd edək ki, B.Şeyxi martın 5-də İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Tehran şöbəsinin əməkdaşları tərəfindən iş yerində tutulub. Onun iş yerində yoxlama aparılıb, bir sıra şəxsi əşyaları müsadirə edilib. Azərbaycanlı fəal qanunsuz həbsinə, zindanın ağır şəraitinə və məmurların kobud rəftarına etiraz əlaməti olaraq Tehranın Evin həbsxanasının 209-cu korpusunda 11 gün aclıq aksiyası keçirdiyindən səhhəti kəskin pisləşib və nəticədə bir neçə dəfə zindan klinikasına köçürülüb.
Bundan əvvəl B.Şeyxi 2011-ci il oktyabrın 12-də Urmiya gölünə etiraz olaraq keçirilmiş kütləvi aksiyalar səbəbindən Tehrandan 17 kilometr cənubda yerləşən Gülüstan şəhərində öz mənzilində həbs edilib. E
Azərbaycanlı fəal 2009-cu il iyunun 9-da da İranın eks-prezidenti Məhəmməd Xatəminin azərbaycanlıları təhqir etməsinə etirazını bildirdiyinə görə Tehranda öz mənzilində həbs edilib. B.Şeyxi 55 gün Tehranın Evin həbsxanasının 209-cu bölməsində saxlanıldıqdan sonra 50 milyon tümən zəmanətlə sərbəst buraxılıb. Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsi onu milli təhlükəsizliyi pozmaq, hakimiyyət əleyhinə təbliğat aparmaq və qanunsuz yığıncaqlar təşkil etməkdə günahlandırıb. B.Şeyxi həmçinin 2008-ci il noyabrın 17-də Rey şəhərində Səttarxanı anma mərasimində və 2006-cı ilin mayında “İran” qəzetində azərbaycanlıların hamam böcəyinə bənzədilməsinə etiraz olaraq keçirilmiş kütləvi aksiyalar zamanı da həbs edilib.