Əbülfəs Qarayev: “Sufilik İslam dünyasının, mədəniyyətinin, təfəkkürünün ayrılmaz hissəsidir”

Əbülfəs Qarayev: “Sufilik İslam dünyasının, mədəniyyətinin, təfəkkürünün ayrılmaz hissəsidir”
# 02 iyul 2013 08:44 (UTC +04:00)

Bakı. Turan Şakir – APA. “Sufilik İslam dünyasının, mədəniyyətinin, təfəkkürünün ayrılmaz hissəsidir. Biz fəxr edirik ki, sufiliyin o dövrdə yaradılmasında, onun yayılmasında məhz Azərbaycanda dünyaya göz açmış Seyid Yəhya Bakuvi kimi nümayəndələrin də rolu var”. APA-nın xəbərinə görə, bu sözləri Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Seyid Yəhya Bakuvinin vəfatının 550 illiyinə həsr olunmuş beynəlxalq elmi konfransda deyib.

Onun sözlərinə görə, məhz bu məktəb bu gün müxtəlif peşə sahələrinin insanlarını Azərbaycana gətirərək, mədəniyyətlərarası dialoqa şərait yaradıb. Azərbaycan həmişə multikulturalizmə böyük maraq və diqqət verən ölkədir: “Bu gün bu konfransların keçirilməsində maraqlıyıq ki, müxtəlif ölkələrdən müxtəlif biliklərə və dünya görüşünə malik olan insanlar gəlsin və Azərbaycanın bu istiqamətdə apardığı işlərdən xəbərdar olsunlar”.

Ə.Qarayev konfrans iştirakçılarına təşəkkürünü bildirib və Azərbaycanın multikultiralizm sahəsində gördüyü işlərdən danışıb: “Bu konfransda 11 ölkədən nümayəndələrin olması özü də Azərbaycan xalqının əsrlər öncə yaratdığı məktəb bu gün də aktualdır, müxtəlif elm sahələrinin marağını və diqqətini cəlb etməkdədir”.

Daha sonra tədbirdə Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov, UNESCO üzrə Azərbaycanın Milli Komissiyasının 1-ci katibi Günay Əfəndiyeva, Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun, Mərakeşin Azərbaycandakı səfiri Həsən Hami, Fransa Elmi Araşdırmalar Mərkəzinin araşdırmalar üzrə direktoru Tieri Zarkon və başqaları çıxış edib.

Konfransın sonunda nümayəndələr Seyid Yəhya Bakuvinin türbəsini ziyarət edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR