Abbas Əraqçı: “Azərbaycanda İran vətəndaşı Mikayıl Kazıminin həbs olunması anlaşılmazlıqdan başqa bir şey deyil”

Abbas Əraqçı: “Azərbaycanda İran vətəndaşı Mikayıl Kazıminin həbs olunması anlaşılmazlıqdan başqa bir şey deyil”
# 21 may 2013 15:58 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. “Biz daim Azərbaycan dövlətinə və bu respublikanın ərazi bütövlüyünə hörmət bəsləmişik”. APA-nın İRİB-ə istinadən məlumatına görə, bu fikirləri İran Xarici İşlər Nazirliyinin sözçüsü Seyid Abbas Əraqçı “Səhər” telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, İranla Azərbaycanın siyasi sferada əməkdaşlığı və son bir neçə ayda iki ölkənin yüksək vəzifəli şəxslərinin qarşılıqlı səfərləri xoş niyyətdən və hər iki dövlət başçısının iradəsindən xəbər verir: “Bu mənada Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin səfəri son dərəcə mühüm olmaqla yanaşı, bu cür səfərlərin kulminasiya nöqtəsidir. Çünki Allahşükür Paşazadə Azərbaycanda tanınmış simadır və bu ölkənin dindarları arasında böyük hörmətə malikdir. Ona görə də bu səfər iki ölkə əlaqələrinin əvvəlkindən daha da yaxşı olmasına imkan yaradır. Bildiyiniz kimi, Allahşükür Paşazadə səfər çərçivəsində İranın ali dini lideri, prezidenti, parlament sədri, din xadimləri, Qum şəhərindəki böyük din alimləri ilə yaxşı görüşlər keçirib və iki tərəfin mövqeyinin yaxınlaşması üçün yüksək təsirə malik olub”.

A. Əraqçı iki ölkənin dininin və məzhəbinin eyni olmasına da toxunub: “Dinimiz iki ölkənin də din alimlərinin bir-biri ilə yaxın əlaqəyə malik olmasını tələb edir. Onlar bu yolla öz aralarında və dünya ilə bağlı ortaq məsələlər barədə mövqelərini yaxınlaşdırsınlar. İran islami prinsiplər əsasında irəliləyir və dini dəyərlərin qorunması ilə bir sıra problemlərin öz-özünə həll olunur. Bu səfərdə də Azərbaycan Respublikasının dini potensiallardan istifadə etməklə bir sıra problemlərini həll etməsinin mümkünlüyü təkid olundu”.

İran XİN sözçüsü həmçinin Azərbaycanda İran vətəndaşı Mikayıl Kazıminin həbs olunmasının anlaşılmazlıqdan başqa bir şey olmadığını deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR