Azərbaycanın orta məktəblərində ilk dəfə keçirilən monitorinq imtahanları başa çatıb

Azərbaycanın orta məktəblərində ilk dəfə keçirilən monitorinq imtahanları başa çatıb
# 10 may 2013 12:09 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu ildən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən Azərbaycanda ümumi təhsil müəssisələrinin V və XI sinif şagirdləri arasında ilk dəfə olaraq keçirilən monitorinq imtahanları başa çatıb.

TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə APA-ya açıqlamasında deyib ki, bu il monitorinq imtahanları respublikanın 29 bölgəsini əhatə etməklə ümumilikdə 722 orta ümumtəhsil müəssisəsində keçirilib.

Onun sözlərinə görə, orta ümumtəhsil müəssisələrində bu imtahanlar yalnız dövlət vəsaiti hesabına təşkil olunub və valideynlərdən hər hansı ödəniş tələb olunmayıb. Monitorinq imtahanları aprelin 23, 24 və 25-də Bakı, Abşeron və Sumqayıt şəhərlərində, aprelin 29-da, 30-da və mayın 1-də Gəncə, Göygöl, Şəmkir, Tovuz, Qazax, Ağstafa, Mingəçevir, Şəki, Qax, Balakən, Oğuz, Qəbələ və İsmayıllı rayonlarında, mayın 6-sı, 7-si və 8-i Bərdə, Ucar, Göyçay, Ağdaş, Şirvan, Kürdəmir, Biləsuvar, Masallı, Neftçala, Salyan, Lənkəran, Quba və Şabran rayonlarında aparılıb. 304 məktəbdə baş tutan imtahanı idarə etmək üçün 234 imtahan rəhbəri ayrılıb. Monitorinq imtahanları zamanı V sinif şagirdləri Ana dili və riyaziyyat, XI sinif şagirdləri isə Azərbaycan dili, riyaziyyat və fizika fənlərindən imtahan veriblər.

Qeyd edək ki, orta məktəb şagirdləri üçün keçirilən monitorinq imtahanlarının nəticələri şagirdlərin illik qiymətlərinə təsir göstərməyəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR