ATƏT-in Bakı Ofisi ARDNŞ mütəxəssisləri üçün seminar təşkil edib

ATƏT-in Bakı Ofisi ARDNŞ mütəxəssisləri üçün seminar təşkil edib
# 12 dekabr 2013 12:01 (UTC +04:00)

Bakı - APA-Economics. ATƏT-in Bakı Ofisi Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) 40 mütəxəssisi üçün seminar təşkil edib.

Ofisdən “APA-Economics”ə verilən məlumata görə, tədbirin məqsədi sularda neft dağılmalarına qarşı təcili tədbirlər üzrə milli planın icrası ilə bağlı ARDNŞ-ın potensialını gücləndirməkdir.

Bu plan neft və qaz yataqlarının axtarışı və kəşfiyyatı ilə məşğul olan bütün şirkətlərin neft dağılmalarına səbəb ola biləcək əməliyyatlar üçün təcili tədbirlər planının hazırlanmasını və icrasını tələb edir. ATƏT-in Bakı Ofisinin İqtisadiyyat və Ətraf Mühit şöbəsinin rəhbəri, Emmanuel Huntzinger bildirib ki, milli plan Xəzər dənizinin Azərbaycan hissəsində fəaliyyət göstərən neft şirkətləri ilə sıx əməkdaşlığı təşviq edir: “Bu şirkətlərin neft dağılmaları hallarına daha hazırlıqlı olmalarını təmin etmək üçün biz gələcəkdə də bu tip təlimləri təşkil etməyə hazırıq".

ARDNŞ-ın təklifinə əsasən, ATƏT-in Bakı Ofisi şirkət üçün sularda neft dağılmalarına qarşı tədbirlərin görülməsinə dair beynəlxalq, regional və milli tələblərə cavab verən planın hazırlanmasına beynəlxalq mütəxəssis cəlb edib. Yeni sənəddə Beynəlxalq Dəniz Təşkilatı və Neft Sənayesində Ətraf Mühit Məsələləri üzrə Beynəlxalq Assosiasiyanın hazırladığı təlimatlar öz əksini tapıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR