Etibar Pirverdiyev: «Son 10 ildə Azərbaycanda 17 yeni elektrik stansiyası istismara verilib»

 Etibar Pirverdiyev: «Son 10 ildə Azərbaycanda 17 yeni elektrik stansiyası istismara verilib»
# 06 fevral 2014 12:53 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Son 10 il ərzində Azərbaycanın elektrik enerjisi sistemində 17 yeni elektrik stansiyası istismara verilib, 10 min km-dən çox elektrik verilişi xətləri və 1 500-dən çox yarımstansiya inşa edilib və yenidən qurulub. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycanda regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının icrasına həsr olunmuş konfransda «Azərenerji» ASC-nin prezidenti Etibar Pirverdiyev bildirib.

Onun sözlərinə görə, 2006-cı ildən başlayaraq, hər il iki yeni elektrik stansiyası istifadəyə verilib: «Bu, Azərbaycanın elektrik energetikası tarixində rekord göstəricidir. Nəticədə, 2 300 MVt-dan artıq yeni generasiya gücləri əldə edilib. 409 MVt gücündə daha bir stansiyanın – «Şimal-2» istilik elektrik stansiyasının bu ilin sonuna qədər işə salınması nəzərdə tutulub».

E.Pirverdiyev bildirib ki, stansiyaların əsas texnoloji keyfiyyət göstəricisi olan faydalı iş əmsalı artıb, ekoloji təmizlik prinsiplərinə əməl olunub: «Belə ki, hər 1 kVt/s elektrik enerjisinin istehsalına sərf olunan şərti yanacağın miqdarı 415 qr-dan 305 qr-a qədər, yəni 25%-dən çox azaldılıb. Bu isə hər il təxminən 2 mln. ton şərti yanacağa qənaət etməyə imkan verib. Elektrik stansiyaları və sistem əhəmiyyətli yarımstansiyalar arasında 1 000 km-dən artıq fiber-optik kabellər çəkilib. Bu müasir texnologiyaların tətbiqi enerji istehsalı və ötürülməsi obyektlərindən məlumatların onlayn rejimində yeni yaradılmış mərkəzi SCADA sisteminə ötürülməsini təmin edir. Yaxın illər ərzində elektrik enerjisinin ötürülməsi sistemində planlaşdırılmış layihələrin həyata keçirilməsi nəticəsində sistem əhəmiyyətli transformatorların ümumi gücü 3 000 MVA, 110, 220, 330 və 500 kV-luq xətlərin ümumi uzunluğu təxminən 1 500 kilometr artacaq».

Qurumun rəhbəri deyib ki, hazırda abonentlərin, demək olar ki, hamısı sayğacla təmin olunub: «Bu sayğacların təxminən 15%-i, yəni 250 mini smart tiplidir».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR