Baş nazirin müavini İran Qızıl Aypara Cəmiyyətinin Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri ilə görüşüb

Baş nazirin müavini İran Qızıl Aypara Cəmiyyətinin Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri ilə görüşüb
# 19 noyabr 2014 13:27 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan baş nazirin müavini, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov İran Qızıl Aypara Cəmiyyətinin Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri Seyed Bahman Sobhanini və fəaliyyət müddəti başa çatmış sabiq rəhbər Məhəmməd Reza Neqqaşini qəbul edib. Bu barədə APA-ya Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Görüşdə Ə. Həsənov ötən həftə İran prezidenti Həsən Ruhaninin Azərbaycana rəsmi səfərini, səfər proqramı çərçivəsində keçirilən görüşləri, imzalanan sənədləri Azərbaycanla İran arasında dostluq, qarşılıqlı əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə olmasının bariz nümunəsi kimi dəyərləndirib.

Görüşdə qeyd olunub ki, İran hökuməti Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma ocaqlarından didərgin salınmış Azərbaycan vətəndaşlarının dözülməz vəziyyətlə üz-üzə qaldığı vaxtdan Azərbaycana humanitar yardım göndərən ilk dövlətlərdəndir. Qaçqın və məcburi köçkünlərimizin problemlərinin həllinə kömək məqsədilə bu gün də İran hökuməti tərəfindən Qızıl Aypara Cəmiyyətinin Azərbaycan nümayəndəliyinin xətti ilə müxtəlif humanitar layihələr həyata keçirilir. Cəmiyyətin Azərbaycan nümayəndəliyinin fəaliyyəti müsbət dəyərləndirilən görüşdə Azərbaycan hökuməti tərəfindən beynəlxalq humanitar təşkilatların sərbəst və şəffaf fəaliyyəti üçün hərtərəfli şərait yaradıldığından bu sahədə nəzərdə tutulmuş layihələrin bundan sonra da uğurla həyata keçiriləcəyinə əminlik ifadə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR