Yaşıllıqların salınması ilə bağlı həyata keçirilən layihələrin icrası vaxtından əvvəl və qənaətlə başa çatdırılıb - FOTO

Yaşıllıqların salınması ilə bağlı həyata keçirilən layihələrin icrası vaxtından əvvəl və qənaətlə başa çatdırılıb - <span style="color: red;">FOTO
# 27 mart 2013 13:30 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Prezidentin göstərişi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hazırlanmış 2010-2013-cü illəri əhatə edən respublikanın əsas magistral avtomobil yollarının ətrafının estetik görkəminin dəyişdirilməsi məqsədilə yaşıllıqların salınması və ən müasir tələblərə cavab verən damcılı suvarma sisteminin quraşdırılmasına dair layihələrin icrası vaxtından əvvəl başa çatdırılıb.

ETSN-in mətbuat xidmətinin rəhbəri İradə İbrahimova APA-ya açıqlamasında deyib ki, ümumi smeta dəyəri 20 milyon 145 min manat olan bu layihəyə görə Bakı-Quba, Bakı-Şamaxı, Bakı-Qazax, Bakı-Astara və Bakı Hava Limanı magistral avtomobil yollarında 775 hektar ərazidə yaşıllıqların salınması, 1453 hektarda isə ən müasir texnologiyaya əsaslanan damcılı suvarma şəbəkəsinin quraşdırılması nəzərdə tutulub. 2011-2012-ci illərdə layihənin icrası üçün cəmi 10 760 min manat vəsait ayrılıb. Nəticədə layihə üzrə əkilməsi nəzərdə tutulan 803,84 min ədəd əkin materialının cəmi 277,909 min ədədinin ödənişi layihə üçün nəzərdə tutulan vəsait hesabına təmin edilib. Lakin ETSN tərəfindən daxili imkanlar hesabına faktiki olaraq nəinki layihədə nəzərdə tutulan 803,84 min ağacın gətirib əkilməsi, həmçinin əlavə ərazilərdə cəmi 2 milyon 131 min ədəd ağacın gətirilib əkilməsi təmin edilib. 1835 hektar ərazidə torpaq işləri görülüb, damcılı suvarma sistemləri qurulub, dəmir-beton su anbarları tikilib. Nazirlik işlərin vacibliyini və əsasən mövsümi xarakterli olduğunu nəzərə alaraq, layihələrin icrası üçün I mərhələdə ayrılmış 10 milyon 760 min manat vəsaitlə 2013-cü ildə yekunlaşmalı olan işləri vaxtından əvvəl 2012-ci ildə tam başa çatdırmağa müvəffəq olub. Yəni daxili imkanlar səfərbər edilib, layihəyə ayrılmış dövlət vəsaiti qənaətlə xərclənib və əldə olunan əlavə resurslarla digər zəruri yaşıllaşdırma tədbirləri də həyata keçirilərək faktiki 26,3 milyon manat həcmində iş görüb.

Qeyd edək ki, ağacların böyük hissəsinin əvəzsiz gətirilərək əkilməsinə baxmayaraq, əkilən ağacların quruyanlarının yeniləri ilə əvəz olunması, yenə də heç bir ödəniş aparmadan əvəzsiz həyata keçirilməsi nəzərdə tutulub. Normalda isə əkilən ağacların 30-40%-nin quruma ehtimalı əkin ərazilərinin yerləşdiyi iqlim şəraitinə uyğundur. Faktiki quruması ehtimal olunan ağacların sayı 2%-i ötmür. Əkilmiş ağaclardan tuya ilin fəsillərindən asılı olaraq öz rəngini dəyişmək xüsusiyyətinə malikdir, belə ki, payız-qış aylarında sarımtıl, qəhvəyi rəngdə olsa da, aprel-may aylarında yenidən öz yaşıl rəngini alır. Sərv və şam ağacları isə yeni əkilən zaman onlarda iqlim şəraitinə uyğunlaşma prosesi getdiyindən, yəni yerli şəraitə adaptasiya dövrü keçdiyindən onların rənglərində də dəyişikliklərin olması (tuya, sərv və şam ağaclarına kənardan baxanda qurumuş kimi görünür) mümkündür, bir müddət sonra aprel-may aylarında həmin ağaclar öz yaşıl rəngini bərpa edir.

Beləliklə, ümumi smeta dəyəri 20 milyon 145 min manat təşkil edən, iki mərhələdə həyata keçirilməli olan layihələrin icrası üçün I mərhələdə dövlət büdcəsindən ayrılmış 10 milyon 760 min manat vəsait ETSN tərəfindən qənaətlə istifadə edilərək işlər vaxtından əvvəl yekunlaşıb. Ümumi uzunluğu 250 km-ə qədər ana boru xətləri, 5000 km-ə qədər damcılı suvarma boruları, 6 su anbarı, 5 sutəmizləyici qurğu (gündə 28 min m3 gücə malik), o cümlədən Şirvan kanalının duzlu sularını duzsuzlaşdıran Samur-Abşeron kanalının sularını təmizləyən (damcılı suvarma mikroborularının gözləri tutulmasın deyə) qurğular (gücü sutkada 2500 m3) quraşdırılıb. 1 hektar ərazinin İsrail avadanlığı ilə damcılı suvarma sistemi rekord ucuz qiymətə (1 ha ərazi 2500 manat) başa gəlməsi təmin edilib. İçərisində xaricdən gələn və yerli bazarda 60-100 manata satılan ağaclar da daxil olmaqla orta hesabla əkilən ağaclar büdcəyə 20-60 qəpiyə başa gəlib. Ərazilərdə 800 hektardan çox xaricdən gətirilən zeytun ağaclarından ibarət plantasiya salınıb. Son 3 ildə salınmış zeytunluqların ərazisi bütün tarix boyu Azərbaycanda salınan zeytunluqların ərazisinə bərabər olub. Zeytun əkinlərində 100% bitiş əldə olunub.

İ.İbrahimova qeyd edib ki, 2010-2013-cü illəri əhatə edən respublikanın əsas magistral avtomobil yollarının ətrafının estetik görkəminin dəyişdirilməsi məqsədilə yaşıllıqların salınması və ən müasir tələblərə cavab verən damcılı suvarma sisteminin quraşdırılmasına dair layihələrin nazirlik tərəfindən vaxtından əvvəl və mövcud maliyyə imkanları çərçivəsində büdcədən əlavə vəsait cəlb etmədən başa çatdırıldığını nəzərə alaraq, 2013-cü ildə Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən bu layihənin başa çatdırılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ayrılmış layihə smeta sənədləri üzrə qalıq vəsaitlərin (9381,4 min manat) istifadə olunmadan büdcəyə qaytarılması üçün ETSN 14 mart 2013-cü il tarixində Nazirlər Kabinetinə, İqtisadi İnkişaf və Maliyyə nazirliklərinə məktubla müraciət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR