Azərbaycandakı bankların mənfəəti azalıb

Azərbaycandakı bankların mənfəəti azalıb
# 13 noyabr 2012 13:44 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları 2012-ci ilin yanvar-sentyabr ayları ərzində 103,36 mln. manat həcmində vergi ödənilənədək mənfəət qazanıb. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu göstərici 2011-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 12,9% azalıb.

Cari ilin yanvar-avqust ayları ərzində bankların məcmu mənfəəti 101,98 mln. manat təşkil edib və, beləliklə, sentyabr ayında banklar cəmi 1,38 mln. manatlıq mənfəət qazanıb.

Yanvar-sentyabr aylarında bankların faiz gəlirləri 905,37 mln. manat, faiz xərcləri 479,46 mln. manat təşkil edib və nəticədə faiz mənfəəti 425,91 mln. manata bərabər olub. Eyni zamanda, bankların qeyri-faiz gəlirləri 267,94 mln. manat, qeyri-faiz xərcləri isə 433,20 mln. manat təşkil edib ki, bunun nəticəsində qeyri-faiz əməliyyatları üzrə 165,26 mln. manata bərabər zərər yaranıb.

Qeyd edək ki, yanvar-sentyabr ayları ərzində Azərbaycanın 33 kommersiya bankı mənfəətlə, 10-u isə zərərlə işləyib. Mənfəətli banklar üzrə məcmu mənfəət 183,75 mln. manat, zərərlə işləyən bankların məcmu zərəri isə 93,57 mln. manata bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR