APA-nın məlumatına görə, tədbir iştirakçıları Şəmkirin tarixini, mədəniyyətini və adət -ənənəsini əks etdirən sərgi ilə tanış olublar.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, “Bölgələrdən paytaxta” layihəsi uğurla davam etdirilir və növbəti təqdimatların keçirilməsi üçün hazırlıq işləri aparılır. Nazir vurğulayıb ki, müxtəlif rayonlara həsr edilən layihə rəngarəngliyi və özünəməxsusluğu ilə fərqlənir: “Məhz bu amil göstərir ki, Azərbaycanın hər bir regionunun özünəməxsus adət-ənənəsi, tarixi, mətbəx nümunələri var. Azərbaycanda mədəniyyət və turizm sahəsinin inkişafı istiqamətində görülən ardıcıl tədbirlər regionlara da öz müsbət təsirini göstərib. Dövlət başçısı tərəfindən qəbul edilmiş regionlarının sosial-iqtisadi inkişafına təkan verən dövlət proqramlarının icrası nəticəsində bölgələrdə çoxlu sayda yeni muzey, kitabxana, musiqi məktəbi, mədəniyyət mərkəzləri istifadəyə verilib, tarixi abidələrin bərpası istiqamətində mühüm işlər görülüb”.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Şəmkirin müasir inkişafından, rayonda fəaliyyət göstərən mədəniyyət ocaqlarının fəaliyyətindən, tarixi abidələrin qorunmasından danışıb. İcra başçısı tədbirin əhəmiyyətindən söz açaraq bildirib ki, “Bölgələrdən paytaxta” layihəsi hər bir regionun qədim tarixini, ənənələrini, incəsənət nümunələrini daha geniş formada tanıtmağa, nümayiş etdirməyə imkan verir.
Tədbirdə Şəmkirin müasir inkişafını əks etdirən videoçarx nümayiş olunub.
Sonda tədbir konsert proqramı ilə davam edib.