İslam Partiyası İctimai Palata və “EL” hərəkatı ilə əməkdaşlığı istisna etmir

İslam Partiyası İctimai Palata və “EL” hərəkatı ilə əməkdaşlığı istisna etmir
# 27 mart 2013 09:14 (UTC +04:00)

Bakı. Ramil Məmmədli - APA. Azərbaycan İslam Partiyası (AİP) prezident seçkiləri ilə bağlı mətbuat konfransı keçirib.

APA-nın məlumatına görə, AİP-in sədr müavini Hacı Akif Heydərli partiyanın seçki strategiyası və bu prosesdə iştirak istiqamətləri haqda danışıb.

O qeyd edib ki, İslam Partiyası prezident seçkilərində iştirakda israrlıdır, lakin qurumun qarşısını alan bəzi məqamlar hələ də mövcuddur: “Partiyanın namizədi olacaq şəxs - təşkilatımızın sədri Hacı Mövsüm Səmədov 2011-ci ildən həbsdədir. Onun həbsdə olması namizədliyinin irəli sürülməsinə mane olmur. Sadəcə, passiv namizəd kimi seçkidə iştirakı ədalətsizlik mühiti yaradır”.

A.Heydərli seçkilərdə partiyanın dəstəkləyə biləcəyi namizədin müəyyənləşməsi istiqamətində də prosesin getdiyini söyləyib: “Ölkənin siyasi qüvvələri ilə danışıqlar gedir. İslam dəyərlərini qəbul edən və bunu icra edəcək istənilən siyasi qüvvəni, o cümlədən onun prezidentliyə namizədini seçkilərdə dəstəkləyə bilərik. Biz öz mövqeyimizi açıqlamışıq. Əgər İctimai Palata və “EL” hərəkatı da İslam dəyərlərinə sadiq olarsa, birgə fəaliyyət göstərəriksə, qalib gəlmək ehtimalımız daha yüksək olar”.

AİP-in sədr əvəzi Hacı Elçin Manafov bildirib ki, ABŞ-ın məqsədi Azərbaycanda İslam və milli dəyərlərə hakim olan qüvvənin siyasi hakimiyyətə gəlməsinin qarşısını almaqdır: “Partiyamız və bizi dəstəkləyən minlərlə təəssübkeşimizin seçkilərdə dəstək verəcəyi namizədin müəyyənləşməsi qarşımızda duran məsələlərdəndir. İlk növbədə isə ümid edirik ki, hakimiyyət Hacı Mövsüm Səmədovu azadlığa buraxacaq, bununla da onun aktiv seçki hüququ bərpa olunacaq və partiyanın vahid namizəd məsələsi öz həllini tapacaq”. E.Manafov partiyanın seçki platformasının artıq qəbul edildiyini də deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR