Müsavatın keçmiş MNTK sədri: “Nüşabə Sadıqlının çağırışı qanuna ziddir”

Müsavatın keçmiş MNTK sədri: “Nüşabə Sadıqlının çağırışı qanuna ziddir”
# 20 mart 2015 20:41 (UTC +04:00)

Bakı-APA. “Nüşabə Sadıqlının ya ADR-i, ya da Müsavat Partiyasını seçməklə bağlı müraciəti "Siyasi partiyalar və ictimai birliklər haqqında" qanuna ziddir. Çünki hər bir Azərbaycan vətəndaşının eyni zamanda həm siyasi partiyanın, həm də ictimai birliyin üzvü olmaq huququ var”.

Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Mərkəzi Nəzarət Təftiş Komissiyasının (MNTK) sədri İbrahim İbrahimli deyib.

O bildirib ki, partiya üzvlərinin seçim qarşısında qoyulması Müsavatın Nizamnaməsinə də ziddir: Maraqlıdır, seçim etməyənlər necə, onlar cəzalandırılacaqlarmı?”

İ. İbrahimli qeyd edib ki, ADR-in (Azərbaycan Demokratiya və Rifah Hərəkatı) gələcəkdə partiyaya çevriləcəyi ilə bağlı proqnoz hələlik həqiqətdən uzaqdır: “Çunki ADR-in rəhbər orqanlarında bu istiqamətdə nəinki müzakirələr getmir ,heç belə təkliflə çıxış edənlər də yoxdur. Hazırda ADR-də təşkilatlanma prosesi gedir. Bu hərəkata qoşulanlar arasında 10-a yaxın siyasi partiya və ictimai birliyin üzvləri var. Bizim partiyaya çevrilməklə onları seçim qarşısında qoymaq fikrimiz yoxdur . ADR-in partiyaya çevrilməsi hərəkatın müsavatçı üzvlərilə yanaşı, digər üzvlərinin də qərarı ilə baş verə bilər. Belə qərara gəlmək isə artıq seçim etmək deməkdir. Düşünürəm ki, ADR-lə Müsavatı qarşı- qarşıya qoymaq, onlardan düşmən obrazı yaratmaq kökündən yanlışdır və yaxşı heç nə vəd etmir”.

İ. İbrahimli N. Sadıqlının ADR-in “müxalifyönlu və ya iqtidaryönlu olmasının bilinmədiyi“ ilə bağlı açıqlamasına isə belə münasibət bildirib: “ Bu barədə arayışı Müsavat rəhbərliyi və yaxud Nüşabə Sadıqlı verəcəksə, əlavə şərhə ehtiyac qalmır”.

Qeyd edək ki, Müsavat Partiyası Məclisinin sədri Nüşabə Sadıqlı başqanlığa sabiq namizəd, partiyadan kənarlaşdırılan Qubad İbadoğlunun sədri olduğu Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatında təmsil olunan partiya üzvlərinə müraciət edib.

O, partiya üzvlərini ya ADR-i, ya da Müsavatı seçməyə çağırıb və bunu ADR-in indi ictimai təşkilat olsa belə, gələcəkdə partiyaya çevriləcəyi ilə əsaslandırıb: “Ona görə də mən müsavatçılara müraciət etmək istəyirəm ki, ya ADR-i, ya da Müsavatı seçsinlər. Həm Müsavatda, həm də ADR-də olmaq mümkün deyil. Həm də ADR-in müxalifyönlü və ya iqtidaryönlü təşkilat olacağı da məlum deyil”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR