“Mədəni həyat” jurnalının “Mədəniyyət.AZ” adı ilə ilk nömrəsi çap olunub

 “Mədəni həyat” jurnalının “Mədəniyyət.AZ” adı ilə ilk nömrəsi çap olunub
# 22 aprel 2015 14:22 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Mədəniyyət və Turizm Nazirliyinin uzun illərdən bəri fəaliyyət göstərən mətbu orqanlarından biri, “Mədəni maarif” və “Mədəni həyat” adları ilə nəşr olunan jurnalın adı dəyişdirilərək “Mədəniyyət.AZ” adı ilə çap olunub.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, jurnalın adı kimi mahiyyəti və məzmunu da dəyişib. Jurnalda mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin oxuculara xitabında bildirilir ki, prezident İlham Əliyevin başçılığı ilə ölkənin mədəni həyatında baş verən dəyişikliklər, Heydər Əliyev Fondunun layihələri, paytaxtın və regionların həyatında müşahidə olunan canlanma nazirliyin təsisçiliyi ilə nəşr olunan mətbu orqanlarının da forma və məzmun etibarilə yenilənməsini zərurətə çevirir: “Müasir oxucu üçün istənilən informasiyanın rəngarəng təqdimatı daha maraqlıdır. Buna görə də hədəfləri doğru-düzgün müəyyənləşdirib zövqlü, məzmunlu və sanballı təqdimatı ilə seçilən bir nəşr ərsəyə gətirmək istədik.”

Şöbədən bildiriblər ki, toplunun səhifələrində həyatı və fəaliyyəti ilə hamıya örnək ola biləcək şəxsiyyətlər, sənət adamlarının xarici ölkələrdəki uğurları, təsviri sənətin və musiqimizin müasir təmayülləri, səhnə premyeraları, abidələrimiz, mədəni turizm barədə yazılar, müxtəlif təhlili məqalələr və resenziyalar dərc ediləcək.

Nəşrin baş redaktoru Mədəniyyət və Turizm Nazirliyi İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin İnformasiya, elektron media və resurslarla iş sektorunun müdiri, əməkdar mədəniyyət işçisi, filologiya üzrə fəlsəfə doktoru Zöhrə Əliyevadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR