Ramil Usubov ATƏT-in media azadlığı üzrə nümayəndəsini qəbul edib

Ramil Usubov ATƏT-in media azadlığı üzrə nümayəndəsini qəbul edib
# 09 noyabr 2012 13:41 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov Bakıda səfərdə olan ATƏT-in media azadlığı üzrə nümayəndəsi xanım Dunya Miyatoviçi qəbul edib. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Nazir noyabrın 9-nun ölkənin həyatında əlamətdar bir gün - Dövlət Bayrağı günü olduğunu qeyd edib və bayram günündə bu görüşdən məmnunluğunu bildirib. Görüşdə ATƏT-lə Daxili İşlər Nazirliyi arasındakı işgüzar əməkdaşlıq əlaqələrinin mövcudluğu xatırlanıb. Qeyd edilib ki, ATƏT-in Bakı ofisinin dəstəyi ilə müxtəlif istiqamətlərdə həyata keçirilən layihələrin hər biri polis fəaliyyətinin təkmilləşdirilməsində önəmli rol oynayır. Ümumiyyətlə, ATƏT-in təşkilatçılığı ilə keçirilən tədbirlərdə nazirliyin 2000-ə yaxın əməkdaşı iştirak edib.

Daha sonra nazir qonağa polis-media münasibətlərinin və ictimaiyyətlə əlaqələrin daha da genişləndirilməsi sahəsində görülən işlər haqqında məlumat verib.

D. Miyatoviç Dövlət Bayrağı Günü münasibətilə təbriklərini çatdırıb. Bütövlükdə Azərbaycanda görülmüş işləri müsbət qiymətləndirərək polis-media münasibətlərinə toxunan qonaq jurnalistlərin normal və təhlükəsiz şəraitdə fəaliyyət göstərmələrinin vacibliyini vurğulayıb, bu istiqamətdə həyata keçirilən tədbirlərdən razı qaldığını bildirib. O qeyd edib ki, ATƏT vahid bir ailədir, hər bir ailənin isə öz qayğıları, problemləri var: “Biz birlikdə çalışaraq bu problemləri həll etməliyik”.

ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Koray Tarqayın da iştirak etdiyi görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR