Jurnalistlər arasında Güney Azərbaycanla bağlı yazı müsabiqəsi elan olunub

Jurnalistlər arasında Güney Azərbaycanla bağlı yazı müsabiqəsi elan olunub
# 15 aprel 2013 10:56 (UTC +04:00)

Bakı – APA. Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (GAMAC) jurnalistlər arasında müsabiqə elan edib.

Qurumdan APA-ya verilən məlumata görə, müsabiqəyə çap mediasında, saytlarda çalışan jurnalistlər, televiziya və radio əməkdaşları qatıla bilərlər.

Müsabiqəyə göndərilən materiallar (reportaj, araşdırma, analiz) Güney Azərbaycanın siyasi, iqtisadi, sosial, humanitar və ekoloji problemlərini əhatə etməlidir. Arazın o tayındakı vəziyyəti Quzey Azərbaycan oxucusuna, seyrçisinə və dinləyicisinə maraqlı, dolğun və orijinal üslubda çatdıran materiallara üstünlük veriləcək.

Qəzet və ya saytlarda yayınlanan məqalələrin həcmi 8-11 min çap işarəsi həcmində olmalıdır. Bir müəllifin müsabiqəyə bir neçə məqalə təqdim etməsi mümkündür. Bu elanın dərcindən əvvəl çap olunmuş materiallar müsabiqəyə qəbul olunmayacaq.

Məqalələrin müəllifləri yazıların linklərini və özləri haqqında məlumatları (tərcümeyi-hal, şəkil və telefon nömrələri) [email protected] email adresinə göndərməlidirlər.

Qaliblərə aşağıdakı mükafatlar təqdim olunacaq:

1-ci yer – 1000 manat;

2-ci yer – 800 manat;

3-cü yer – 600 manat.

Sonrakı 5 yazı üçün 200 manat dəyərində həvəsləndirici mükafat nəzərdə tutulub. Digər müəlliflər isə fəxri diplomlarla mükafatlandırılacaqlar.

Güney Azərbaycan mövzusunda ən yaxşı televiziya və ya radio reportajı, o cümlədən qısametrajlı film üçün mükafatın məbləği 1000 manatdır. Müsabiqəyə təqdim edilən televiziya və ya radio reportajlarının, qısametrajlı filmlərin diskləri də [email protected] email ünvanına göndərilməlidir.

Yazı və disklərin qəbulu tarixi aprelin 16-dan iyun ayının 30-a qədərdir. Mükafatların təqdim edilməsi mərasimi iyul ayının ortalarında gerçəkləşəcək.

Güney Azərbaycan mövzusunda qələmə alınan və müsabiqəyə göndərilən yazıların əhəmiyyətli hissəsinin ilin sonuna qədər kitab şəklində çapı nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR