QMİ sədri: “Bizə qarşı olan dini ekstremist cərəyanların bir ucu gedib Ermənistana çıxır”

QMİ sədri: “Bizə qarşı olan dini ekstremist cərəyanların bir ucu gedib Ermənistana çıxır”
# 30 mart 2015 11:26 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. “Bu gün bizə qarşı dini ekstremist qüvvələr, cərəyanlar var. Bunların bir ucu gedib Ermənistana çıxır. Onlar təkfirçi və digər adlarla Azərbaycana gəlib çıxıblar”.

APA –nın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə 31 mart soyqırımı ilə bağlı keçirilən tədbirdə deyib.

“Biz bunlarla çox ehtiyatlı olmalıyıq. Getdiyimiz yol doğru yoldur. Allahın bizə buyurduğu yoldur və bu yol ilə gedəcəyik. Amma indi çox çətin dövrdə yaşayırıq. Bu gün doğru yol ilə getmək çox çətin məsələdir. Bu bizim üçün molla məsələsi deyil, vətəndaş məsələsi deyil və biz diqqətli olmalıyıq. Kim özünü azərbaycanlı, türk sayırsa, kimin namusu, qeyrəti varsa, düşmənlərin, xüsusilə ermənilərin bizə qarşı etdiklərinə, soyqrımlara öz kəskin münasibətini bildirməlidir”, - deyə Şeyxülislam vurğulayıb.

Sovet dövründə İrana və Səudiyyə Ərəbistanına gedə bildiyini deyən A. Paşazadə lakin Türkiyəyə gedə bilmədiyini qeyd edib: “İrana getmək olardı, amma Türkiyəyə yox. Türkiyədən, türklüyün birliyindən qorxurdular. Bu gün də qorxurlar. Ona görə də indi çalışırlar ki, aramızda nifaq yaratsınlar. Biri birini şiə adlandırır, biri o birini sünni adlandırır. Bunlar hamısı məqsədlidir. Bunlar hamısı bizi bir birimizdən ayırmaq deməkdir. Bu, siyasətdir və bu, bizi parçalamağa yönəlib. Amma biz buna gedən deyilik. Məzhəb ayrı seçkiliyinə getməyəcəyik. Biz məzhəb ayrı-seçkiliyi edən deyilik. Burada həm sünni, həm şiə məzhəbindən olan insanlar üzdə olan insanlarımızdır. Bunu bilin. Bir daha deyirəm, mənə inanıblar ki, bura seçilmişəm, kim sünni-şiəlik etsə, məzhəb ayrı-seçkiliyi eləsə, mənimlə işləmək imkanı yoxdur. Mən buna qarşıyam. Hamımız Vətənə xidmət, Allaha ibadət etməliyik. Sünni məzhəbinin özündə də bəzi təfriqələr var. Bunlar olmamalı idi. Hətta şiələrin də içində təfriqə yaradılıb və yaradılır. Amma biz buna gedən deyilik. Bəzən adamlar xülyalarla yaşayırlar ki, burada onlar üçün yer tapılacaq, imkanlar yaranacaq və onlar gələcəkdə nəyəsə nail olacaqlar. Mən sizin inandırım ki, siz də inanın ki, onlar öz istəklərinə nail ola bilməyəcəklər. Biz radikalizmin kökünü kəsəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR