YAP-çı gənclər “Daş yuxular”ın müzakirəsini keçirib

YAP-çı gənclər “Daş yuxular”ın müzakirəsini keçirib
# 07 fevral 2013 13:18 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin bir qrup üzvü və millət vəkilləri Nizami Cəfərov və Musa Quliyevin iştirakı ilə Əkrəm Əylislinin “Daş yuxular” romanının müzakirəsi keçirilib. APA-nın məlumatına görə, YAP Gənclər Birliyinin sədri Seymur Orucov deyib ki, YAP-çı gənclər ölkə başçısının Əkrəm Əylislinin xalq yazıçısı adı və prezident təqaüdündən məhrum edilməsi haqda sərəncamını alqışlayır.

Nizami Cəfərov isə bildirib ki, Əkrəm Əylisi o mükafatları alarkən heç də hamı bunun tərəfdarı olmayıb: “Əkrəm Əylisli haqqında daim siyasi məzmunlu belə bir fikir olub ki, bu adam bu gün bir cür danışır, sabah başqa cür danışır. Gah mükafat alır, gah o mükafatdan imtina edir, gah tərifləyir, gah da pisləyir və sair”.

Cəmiyyətin bir qisminin Əkrəm Əylisini müdafiə etməsinə toxunan N. Cəfərov hesab edir ki, bu, yazıçının istedadlı olması fikrindən qaynaqlanır: “Həqiqətən də Əkrəm Əylisli yazıçı kimi istedadlıdır, heç kim ona istedadsız yazıçı deyə bilməz. Elə təəssüf doğuran bir cəhət də odur ki, belə bir romanı istedadlı yazıçı yazıb”.

Deputat Musa Quliyev isə qeyd edib ki, məlum romanda roman kateqoriyasına uyğunluq azdır: “Bu, siyasi məqsədlərə xidmət edən bir yazıdır”. M. Quliyev əsərin yalan və iftiradan ibarət olduğunu söyləyib.

Görüş qarşılıqlı fikir mübadiləsi ilə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR