III Beynəlxalq Muğam Festivalının iştirakçıları: “Azərbaycana və onun xalqına heyran olduq” – FOTOSESSİYA

III Beynəlxalq Muğam Festivalının iştirakçıları: “Azərbaycana və onun xalqına heyran olduq” – FOTOSESSİYA
# 19 mart 2013 11:47 (UTC +04:00)

Bakı. Şanə Vəlizadə - APA. “Bu, bizim Azərbaycana ilk səfərimizdir. Bu ölkəni çox sevdik. Əhalisinin mehribanlığına və qonaqpərvərliyinə isə valeh olduq”. Bunu APA-ya açıqlamasında Azərbaycanda keçirilən III Beynəlxalq Muğam Festivalında iştirak etmək üçün Bakıya gələn Hindistanın “Raqa” Qrupunun solisti Surindeh Singh bildirib.

O, müsabiqənin çox ədalətli keçirildiyini vurğulayıb: “Sizin musiqi həyəcanlıdır. Öz lirik axımlılığı ilə insan qəlbini titrədir. Muğamlarınızın gözəlliyinə sadəcə söz tapa bilmirik. Bizə gəlincə, vokal mərhələdə təqdim etdiyimiz kompozisiya Hind Klassik Raqasıdır. İnstrumental mərhələdə isə “Raqa Kirvani” və “Raqa Tog”u ifa edəcəyik. Bu nümunələr Cənubi Hindistanın şifahi ənənəli musiqisinə aiddir”.

Tacikistan ifaçısı Sitora Karamatullo isə müsabiqədə iştirakının gələcək yaradıcılığına böyük təsir göstərəcəyini vurğulayıb: “Bir sıra respublika müsabiqələrində iştirak etmişəm, eləcə də xarici ölkələrdə konsertlərim olub. Ancaq belə iri miqyaslı beynəlxalq müsabiqədə ilk dəfədir çıxış edirəm. Tədbirin təşkilatçılarına öz təşəkkürümü bildirirəm. Müsabiqədə dörd əsərlə çıxış etmişəm. Bu kompozisiyalardan ikisi “Şaşmakom”dur. Digər nömrə makam üslubunda Tacikistan bəstəkarı tərəfindən bəstələnib və “Gülcahan” adlanır”.

Türkiyənin “Səda” qrupunun rəhbəri Abdullah Qurbani Azərbaycan musiqisinin özəlliklərindən danışıb: “Müsabiqədə bir neçə kompozisiya ilə çıxış etdik. İfa zamanı Türk Sənət Musiqisinin əvəzolunmaz alətlərindən - qanun, uddan istifadə etmişik. Qrupumuz altı musiqiçidən ibarətdir. Türkiyədə ifa edəcəyimiz əsər haqqında düşünərkən güclü instrumental və vokal ifaçılara malik olan bir ölkəyə - Azərbaycana gələcəyimizi bilirdik. Bu səbəbdən işimizin çətinliyini və məsuliyyətini başa düşürdük. Türk xalq musiqisi və Azərbaycan musiqisinin xüsusi özəllikləri var. Türk xalq musiqisində Segah, Uşşaq və bunlara bənzər bir sıra motivlər var. Sizin musiqidə variantlılıq, improvizasiyalardan çox istifadə olunur. Bizim musiqimizdə də bunlar var, ancaq Azərbaycan muğamındakı qədər zəngin deyil”.

İordaniyanın “İnstrumental” qrupunun üzvləri isə III Beynəlxalq Muğam Müsabiqəsinin onlar üçün böyük önəm kəsb etdiyini bildiriblər: “Bu, bizim Azərbaycana birinci səfərimizdir. Biz ölkəniz və musiqiniz haqqında məlumatlı deyildik. Ancaq indi ölkənizə, mədəniyyətinizə valeh olmuşuq. Muğamınız möhtəşəmdir. Bu, digər musiqi janrlarından və mədəniyyətlərindən fərqlənir. Biz muğam ifa edirik. İnstrumental mərhələdə ansambl şəklində çıxış etdik. Təqdim etdiyimiz kompozisiya müşayiətsizdir. İnstrumental mərhələdə təqdim etdiyimiz kompozisiyalarda ud alətində texnika bacarığının ön plana çəkilməsinə çalışmışıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR