Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıqla bağlı toplantı keçirilib

Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıqla bağlı toplantı keçirilib
# 07 may 2015 15:47 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Beynəlxalq Muğam Mərkəzində 18-19 may tarixində Bakıda keçiriləcək III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıqla bağlı toplantı keçirilib.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, tədbirdə nazirliyin əməkdaşları, Daxili İşlər, Xarici İşlər, Təhsil, Gənclər və İdman nazirliklərinin, Dini Qurumlarla İş, Ailə, Qadın və Uşaq Problemləri üzrə dövlət komitələrinin nümayəndələri iştirak edib.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək bildirib ki, prezident İlham Əliyevin təşəbbüsü ilə əsası qoyulan “Bakı prosesi” dövlətin müxtəlif mədəniyyətlərin, etnik, dini qrupların birgə yaşama ənənələrinə və bəşəri dəyərlərin təşviqinə göstərdiyi dəstəyin təsdiqidir: “Bakı prosesi bu gün bütün dünyada, beynəlxalq aləmdə dialoq sözünün sinonimi kimi qəbul edilir. “Bakı prosesi” və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu dünyada sülh və əməkdaşlığın qorunmasına xidmət edir. Azərbaycanda mədəniyyətlərin dialoq məsələsi hər hansı süni ideologiyaya söykənmir, bu, xalqımızın tarixən malik olduğu mehriban birgə yaşama mədəniyyətidir və bizim milli dəyərlərimizdə bu faktor önəmli rol oynayır”.

Ə. Qarayev əlavə edib ki, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təkcə Azərbaycanın deyil, dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarının bilavasitə iştirak və idarə etdiyi tədbirdir: “Ona görə də biz bu məsuliyyəti dərk etməliyik. Forum ölkə rəhbərinin fərmanına uyğun olaraq iki ildən bir keçirilir. Fərmana əsasən, Azərbaycanda tədbirə məsul qurum Mədəniyyət və Turizm Nazirliyidir”.

Forumun iyun ayında Azərbaycanın ev sahibliyi edəcəyi I Avropa Oyunları ərəfəsində keçirildiyini diqqətə çatdıran nazir tədbirin geniş təşkilatçılıq baxımdan mühüm sınaq olduğunu da vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR