Bahar Muradova: “İranda saxlanan şairlərin taleyini diqqətdə saxlayır, deputatların xətti ilə müvafiq işlər aparırıq”

Bahar Muradova: “İranda saxlanan şairlərin taleyini diqqətdə saxlayır, deputatların xətti ilə müvafiq işlər aparırıq”
# 17 iyul 2012 12:48 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. Azərbaycanın Milli Məclisində İran parlamenti ilə dostluq qrupu İranda həbsdə saxlanan şairlərin taleyi və onların azad olunması istiqamətində işləri diqqət mərkəzində saxlayır və deputatların xətti ilə müvafiq işlər aparılır. APA-nın xəbərinə görə, bu barədə jurnalistlərə Milli Məclis sədrinin müavini Bahar Muradova məlumat verib.

B. Muradova qeyd edib ki, rəsmi müraciətlərdən əvvəl məsələlər qeyri-rəsmi səviyyədə araşdırılır və təmaslar qurulmağa çalışılır: “Milli Məclis bu məsələdə Xarici İşlər Nazirliyinin mövqeyini dəstəkləyir. Hesab edirəm ki, hüquq mühafizə orqanlarımız da özlərinin hansısa təmasları nəticəsində nəyəsə nail ola bilərlər. Çox təəssüf ki qarşı tərəf hər zaman belə təmaslardan qaçır”.

Vitse-spiker deyib ki, Milli Məclisin dostluq qrupunun üzvləri də öz tərəflərindən qarşı tərəfdən dostluq qrupunun üzvləri ilə müəyyən təmaslar qururlar: «Bu elə bir ölkədir ki, hansısa bəyanatlarla, hansısa rəsmi müraciətlə nə isə əldə etməkdənsə, bu kimi təmaslar daha effektiv olur. Belə olan halda bizim din xadimlərinin təmasları da hesab edirəm ki, işə müəyyən təsir göstərə bilər».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR