“Nar Mobile” abunəçiləri metro stansiyalarında da mobil rabitə xidmətindən istifadə edə biləcəklər

“Nar Mobile” abunəçiləri metro stansiyalarında da mobil rabitə xidmətindən istifadə edə biləcəklər
# 12 aprel 2012 13:11 (UTC +04:00)
Bakı - APA-Economics. “Nar Mobile” metropolitenin stansiyalarında abunəçilərinə rabitə xidmətlərinin tam çeşidini göstərəcək. şirkətdən “APA-Economics”ə verilən məlumata görə, xidmətə səsli və mətnli danışıq rabitəsi, məlumatların ötürülməsi və internetə daxil olma kimi digər funksiyalar daxildir.

Bir neçə gün öncə “Nar Mobile” “Sahil”, “Nəsimi”, “28 May”, “Memar Əcəmi”, “Azadlıq” və “Dərnəgül” metro stansiyalarında mobil rabitə xidmətlərindən istifadənin mümkün olduğunu ictimaiyyətə çatdırıb.

“Bu gün mənim üçün bu xəbəri elan etmək çox xoşdur və inanıram ki, bu xəbər abunəçilərimiz tərəfindən sevinc hissi ilə qarşılanacaq. Bu yaxınlarda “Nar Mobile” abunəçiləri rabitə xidmətlərinin tam çeşidindən Bakının bütün metro stansiyalarında yararlana biləcəklər. Artıq bəzi stansiyalarda abunəçilərimiz bu xidmətlərdən istifadə edə bilərlər. “Nar Mobile”ın hazırkı texniki bazası bizə imkan verir ki, yaxın zamanlarda bütün stansiyalarda tam mobil rabitə xidməti göstərək. Bu isə öz növbəsində abunəçilərimizin mobil xidmətlərdən istifadə radiusunu genişləndirəcək və rahatlaşdıracaq.
Hər zaman olduğu kimi, bu il də “Nar Mobile” mobil operatoru bir çox yeniliklərə imza atmaq niyyətindədir. Sonuncu nailiyyətlərimiz bu siyasətin davamıdır” - deyə “Azerfon” şirkətinin Biznesin inkişafı və kommunikasiyalar üzrə icraçı direktoru Leyla Nəsrullayeva bildirib.

“Nar Mobile”ın təqdim etdiyi mobil xidmətdən yalnız stansiyalarda deyil, həmçinin tunellərdə belə istifadə etmək mümkün olacaq. Hazırda operator 14,4 mbps sürəti ilə 3G mobil rabitə xidməti göstərir.

Qeyd edək ki, “Nar Mobile” brendi ilə tanınan “Azerfon” telekommunikasiya şirkəti 2007-ci ildə fəaliyyətə başlayıb. “Azerfon” şirkətinin şəbəkəsi hazırda Azərbaycanın 80% əhatə edir və yüksək səviyyəli rabitə xidmətlərinin təqdim olunması məqsədilə ölkəyə üçüncü nəsil şəbəkəsini 3G texnologiyasına əsaslanan xidmətləri tətbiq edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR