Volqoqrad vilayətinin qubernatoru Azərbaycanın iqtisadi inkişaf naziri ilə görüşüb

Volqoqrad vilayətinin qubernatoru Azərbaycanın iqtisadi inkişaf naziri ilə görüşüb
# 24 sentyabr 2012 11:46 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Rusiyanın Volqoqrad vilayətinin qubernatoru Sergey Bojenovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayevlə görüşüb. «APA-Economics»ə verilən məlumata görə, görüşdə Azərbaycan və RF subyektləri, o cümlədən Volqoqrad vilayəti arasında iqtisadi əməkdaşlığın inkişafı, ticarət əlaqələrinin genişləndirilməsi, qarşılıqlı investisiya qoyuluşu, iş adamları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

Görüşdə Azərbaycan iqtisadiyyatı barədə məlumat verən Ş.Mustafayev ölkədə siyasi və makroiqtisadi sabitliyin, davamlı və dayanıqlı iqtisadi inkişafın təmin olunduğunu, əlverişli biznes və investisiya mühitinin yaradıldığını vurğulayıb. Ş.Mustafayev bildirib ki, 2004-2011-ci illərdə ÜDM 3 dəfə, sənaye istehsalı 2,7 dəfə, dövlət büdcəsinin gəlirləri 13 dəfə artıb, yoxsulluq səviyyəsi 5,9 dəfə azalıb. Hazırda ölkənin valyuta ehtiyatları xarici dövlət borcunu təxminən 10 dəfə üstələyir.
Ş.Mustafayev bildirib ki, Azərbaycan və Rusiya arasında təkmil qanunvericilik bazası yaradılıb və indiyədək 160-dan çox sənəd imzalanıb. «İki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın inkişafında hökumətlərarası komissiyanın fəaliyyəti əhəmiyyətlidir. 2004-2011-ci illərdə Azərbaycanda Rusiya kapitallı 261 şirkət qeydiyyata alınıb. Azərbaycan iqtisadiyyatına Rusiya tərəfindən 2002-2011-ci illərdə 366 mln. dollar həcmində investisiya yatırılıb. Rusiya şirkətləri Azərbaycanda həyata keçirilən bir sıra layihələrdə podratçı qismində iştirak edir. Son 10 ildə isə Azərbaycan tərəfindən Rusiyaya təqribən 563 mln. dollar həcmində investisiya qoyulub. Hazırda Azərbaycan şirkətləri Rusiyada uğurla fəaliyyət göstərirlər. Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 2,8 mlrd. dollar təşkil edib, 2010-cu ilə nisbətən 47% artıb», - deyə Ş.Mustafayev bildirib.

Azərbaycan və Rusiya regionları arasında da iqtisadi əlaqələrin inkişaf etdiyini diqqətə çatdıran nazir hazırda ölkənin Rusiyanın 70-dən çox regionu ilə əməkdaşlıq etdiyini vurğulayıb. Rusiya Federasiyasının subyektləri ilə Azərbaycan arasında hökumətlərarası komissiyalar uğurla fəaliyyət göstərir, qarşılıqlı rəsmi və işgüzar səfərlər təşkil edilir, birgə biznes forum və sərgilər keçirilir.

S.Bojenov öz növbəsində ölkələr, eləcə də Azərbaycanla Rusiyanın regionları arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR